Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-22 13:51:00
İngilis dilini niyə öyrənə bilmirik? –Səbəblər və metodlar

“İnsanlar həqiqət olmayan reklamları görüb 3-6 aya dil öyrənəcəklərini düşünürlər. Bunlar real reklamlar deyil. Dil öyrənmək bitmir. Sadəcə 6 aya elə səviyyəyə gəlirsən ki, artıq yola özün davam edə bilərsən”.

 

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı ingilis dili müəllimi Aslan Canəliyev deyib. O, dili öyrənməyin metodlarından söz açıb və bir çox insanın bu işdə uğursuz olmasının səbəblərinə aydınlıq gətirib:

 

“İngilis dili dünyəvi dildir. Hazırda əksər müəssisələr ingilis və ya rus dilini tələb edir. Həyat dəyişir, düşüncələr dəyişir.

 

Dil hər insana onun maraqlarına görə fayda verir. Birinə səyahətdə, birinə xaricdə, kiməsə təhsil və yaşam üçün, digərinə isə işinə görə və s.

 

İllər sonra geriyə baxanda insan dil öyrənmədiyinə görə peşman olur. Dil insana həyatda öz ayaqları üzərində dayana bilmək üçün yol açır.

 

Dili öyrənməyə başlayanda heç kim mənə inanmırdı. Hamı deyirdi ki, sənin pul qazanan vaxtındır. Müdirim mənə gülürdü. Bu gün mən müəlliməm. Heç kimin əmri altında çalışmadan pulumu qazanıram. Müəllim olmasam belə, ən pis halda hər hansı xarici şirkətdə mühafizə kimi çalışa bilərəm. Dilin təqdim etdiyi imkanlar tükənmir”.

 

Aslan Canəliyevin fikrincə, dil öyrənmək üçün insanlar mütləq şəkildə digərlərinin dediklərinə önəm verməməlidirlər:

 

“İnsan kiminsə təsiri altına düşürsə, onların istədiyi həyatı yaşamış olur. Əksini etsəniz, həmin insanlardan uzaq durub öz yolunuza baxsanız, siz öndə onlar isə geridə olacaqlar. Heç kimə dili niyə öyrəndiyinizə dair açıqlama vermək məcburiyyətində deyilsiniz.

 

3 ildir, bu dili öyrənirəm və hələ də öyrənməyə davam edirəm. Dili yaxşı mənimsəmək üçün gündəlik həyatını bu işə həsr etməlisən. Nə olur-olsun, öz-özünə ucadan danışmalı, rola girməlisən. Özünə suallar verib cavab tapmalısan. Yaxşı olar ki, doğma dili ingilis dili olan danışıq yoldaşı da tapasınız.

 

İnsanlar həqiqət olmayan reklamları görüb 3-6 aya dil öyrənəcəklərini düşünürlər. Bunlar real reklamlar deyil. Dil öyrənmək bitmir. Sadəcə 6 aya elə səviyyəyə gəlirsən ki, artıq yola özün davam edə bilərsən. Çünki bütün strukturların əksəriyyətini öyrənmiş olursan. Yerdə qalır söz öyrənmək və danışmaq, hər gün qəzet və hekayə kitabları oxumaq”.

 

İngili dili müəllimi qeyd edir ki, hər gün başa düşüb düşməyəcəyinizdən, maraqlı olub-olmamasından asılı olmayaraq filmlərə baxmaq lazımdır:

 

“Mahnılar öyrənmək, bir sözlə həyat tərzinizi dəyişmək vacibdir. Əksər insan nəticə əldə edə bilmir, çünki heç kim bunların hamısını sona qədər etmir. Dil birinci əzbərçilikdən başlayır, sonra baza yığılır və düşüncələrini öz sözlərinlə ifadə etməyə başlayırsan.

 

Həftə sonları pulsuz danışıq klubları təşkil olunur. Bu klublara qatılmaq, bir sözlə bütün imkanlardan istifadə etmək lazımdır. Hər şey öyrənən insanın özündən asılıdır. Bütün dərs kitabları eynidir, heç birinin içində fərqli bir şey yoxdur. Hamısı qrammatikanı və yeni sözləri öyrədir. Deməli, dil öyrənməyin 70%-i insanın özü ilə əlaqədardır. Hər kəs qəhrəman ola bilmir, çünki öz yollarına baxmırlar. Başqalarının fikirləri ilə addımlayırlar. Zaman gedir və peşman olduqlarımızı sonradan geri qaytarmaya bilərik. Vaxtında qərar verib irəli getmək lazımdır”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları