https://www.zirve.edu.az/
29.10.2020 16:18
İmamverdi İsmayılov: “Bundan sonra təqvimdə işğal günləri qeyd edilməyəcək”    

 

“Biz hər il Zəngilanın və digər rayonlarımızın işğal gününü kədərlə qeyd edirdik. O yerlərin təəssübünü çəkirdik. O yerlərə qovuşacağımız günlərin həsrəti ilə yaşayırdıq. Şükürlər olsun ki, bu gün qürurlu və sevincliyik. Mənim sağ qolum  Zəngilan, sol qolum olan Qubadlı, eləcə də, digər torpaqlarımız işğaldan azad edilib”.

 

AzEdu.az-ın məlumatına görə, bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı İmamverdi İsmayılov deyib.

 

Deputat qeyd edib ki, o torpaqlarda həyat yenidən canlanacaq:

 

“Sevindirici haldır ki, bundan sonra torpaqlarımızın işğal günü qeyd olunmayacaq. Təqvimlərimiz qırmızı rənglərlə dolu olacaq. Bu sevinci bizə bəxş edən Ali Baş Komandanımıza, Azərbaycan ordusuna, əsgərlərimizə dərin minnətdarlığımı bildirirəm. İnşallah əməyimizlə, zəhmətimizlə əldə etdiyimiz torpaqlarımızda quruculuq işləri aparılacaq. Məktəblər, uşaq bağçaları tikiləcək, parklar, şəhər tipli qəsəbələr salınacaq. İnsanlarımız 27 ildən sonra sönən ocaqlarını yandıracaqlar. Bundan böyük sevinc nə ola bilər?!”.

 

İmamverdi İsmayılov üzünü Qubadlı və Zəngilan camaatına tutaraq onlara gözaydınlığı verib:

 

“Ona görə də işğaldan azad edilmiş torpaqların insanlarını bağrıma basıram. Xüsusilə Qubadlı və Zəngilan camaatına demək istəyirəm. “Gözünüz aydın olsun”. Qələbələrimiz davamlı olsun. Gün o gün olsun ki, Şuşaya üçrəngli bayrağımızı taxaq və qələbələrimizi qeyd edək”.