https://www.zirve.edu.az/
03.09.2020 16:42
Bakıda uşaq bağçaları açılışa hazırlaşır  

Azərbaydan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 15 sentyabr tarixindən Bakı şəhəri üzrə fəaliyyət göstərən dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib. Müvafiq hazırlıq və tibbi-profilaktik tədbirlərdən sonra epidemioloji vəziyyətə uyğun olaraq 1 oktyabr tarixinədək bağçaların tam açılması nəzərdə tutulur.


Uşaq bağçalarının fəaliyyəti ancaq mövcud vəziyyət nəzərə alınmaqla, müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə mümkündür.

 

AzEdu.az-in məlumatına görə, bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilir. İdarənin tabeliyində olan bütün bağçalarda dezinfeksiya işləri aparılıb. Bağçaların tərbiyəçiləri və texniki işçiləri bağçalarda geniş təmizlik, tibbi-profilaktik işlər görürlər. İşçi personal hazırki şəraitdə işləmək qaydaları ilə bağlı təlimatlandırılır.


Bağçaların oyun, yataq və digər otaqlarında hazırlıq işləri aparılır. Otaqların havalandırılması və təlimata uyğun dezinfeksiyası üçün tədbirlər həyata keçirilir. Mətbəx və sanitariya qovşaqlarına diqqət artırılacaq, burada mütəmadi dezinfeksiya işləri aparılacaqdır.

 

Hər bir bağçanın girişində xüsusi dezinfeksiyaedici məhlullar qoyulub. Hər gün bağçaya gələn işçi heyəti və uşaqların temperaturu ölçüləcək, tərbiyəçilər tez-tez valideynlərlə əlaqə saxlayacaqlar.
Həftə sonu hər bir bağçada tam dezinfeksiya işləri aparılacaqdır.

 

Paytaxtın bütün uşaq bağçaları fəaliyyətə başladıqdan sonra xüsusi karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində işləyəcək, bu müəssisələrdə sanitar-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin əməkdaşları tərəfindən həyata keçiriləcəkdir.