Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-19 17:27:00
Kolleclərə qəbul imtahanlarında dəyişiklik edilib 

Baş Nazir Əli Əsədov “Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” qərar imzalayıb.

AzEdu.az xəbər verir ki, “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nda dəyişiklik edilib.

 

Qüvvədə olan əvvəlki qərara görə  qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada iki mərhələdə keçirilir. Birinci mərhələdə abituriyentlərə Azərbaycan və ya rus dili fənnindən 20, xarici dil fənnindən 15 və riyaziyyat fənnindən 10 olmaqla, ümumilikdə 45 tapşırıq təqdim edilir. Bu mərhələdə abituriyentlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 30 bal olmaqla, cəmi 90 baldır. İmtahanın davametmə müddəti 3 saatdır.

 

İkinci mərhələdə abituriyentlərə Azərbaycan və ya rus dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 30 olmaqla, ümumilikdə 90 tapşırıq təqdim edilir. Bu mərhələdə abituriyentlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 70 bal olmaqla, cəmi 210 baldır. İmtahanın davametmə müddəti 3 saatdır.

 

Dəyişikliyə əsasən   qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada yalnız bir dəfə  keçirilir. Qəbul imtahanında abituriyentlərə Azərbaycan dili və ya rus dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 30 olmaqla, ümumilikdə 90 tapşırıq təqdim edilir. Bu mərhələdə abituriyentlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 baldır. İmtahanın davametmə müddəti 3 saatdır.

 

Əvvəlki qərara görə qəbul imtahanını rus dilində verən abituriyentlər Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca test imtahanı verirlər. İmtahanda abituriyentlərə Azərbaycan dili (dövlət dili kimi) fənnindən 30 tapşırıq təqdim edilir. Abituriyentlərin toplaya biləcəyi maksimal bal 30 baldır. İmtahanın davametmə müddəti 1 saat 30 dəqiqədir.

Dəyişikliyə əsasən imtahan müddəti 45 dəqiqə təşkil edəcək.

Bu Qərar 2020-ci il oktyabrın 1-dək qüvvədədir.