Azedu.az

Distant təhsilə keçid üçün vahid milli standartlar hazırlanmalıdır - DEPUTAT

AzEdu Təhsil Platforması

30 Sentyabr 2026, 16:27
Distant təhsilə keçid üçün vahid milli standartlar hazırlanmalıdır - DEPUTAT

“Distant təhsilin davamlı və keyfiyyətli olması üçün vahid milli standartların hazırlanması mühüm əhəmiyyət daşıyır. Bu standartlar dərs müddəti, müəllimin rəqəmsal kompetensiyası, interaktivlik səviyyəsi, iştirak göstəriciləri və qiymətləndirmə meyarlarını əhatə etməlidir. Beynəlxalq təcrübə göstərir ki, keyfiyyətə nəzarət mexanizmi olmadan distant təhsilin effektivliyini qorumaq çətin olur”.

Bu sözləri AzEdu.az-a açıqlamasında Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Mehriban Vəliyeva deyib.

Deputat bildirib ki, Azərbaycanda distant təhsilin hüquqi bazasının daha da təkmilləşdirilməsi artıq zərurətə çevrilib:

“Burada əsas istiqamətlər distant təhsilin formal təhsil modeli kimi daha aydın tanınması, elektron qiymətləndirmə mexanizmlərinin hüquqi əsaslarının müəyyənləşdirilməsi və onlayn tədrisdə müəllim-şagird hüquq və vəzifələrinin konkret tənzimlənməsidir.

Eyni zamanda kibertəhlükəsizlik, şəxsi məlumatların qorunması və rəqəmsal platformaların akkreditasiyası ilə bağlı hüquqi çərçivənin gücləndirilməsi vacib hesab olunur.

Rəqəmsal bərabərsizliyin aradan qaldırılması distant təhsilin əsas şərtlərindən biridir. Bunun üçün regionlarda genişzolaqlı internet infrastrukturunun gücləndirilməsi, aztəminatlı ailələrə texniki avadanlıq dəstəyi və məktəblərin rəqəmsal resurslarla təminatı prioritet olmalıdır. Paralel olaraq rəqəmsal savadlılığın artırılması da mühüm amildir”.

Deputat distant tədrisdə interaktiv yanaşmaların daha effektiv nəticə verdiyini də qeyd edib:

“Qrup layihələri, canlı müzakirələr, rəqəmsal testlər, oyunlaşdırma elementləri və fərdi geribildirim şagird iştirakını artırır. Müəllimin yalnız məlumat ötürən deyil, həm də motivasiyaedici və istiqamətləndirici rolu burada xüsusi əhəmiyyət daşıyır.

Finlandiya, Estoniya, Cənubi Koreya və Sinqapurun rəqəmsal təhsil modelləri xüsusilə diqqət çəkir. Bu ölkələrdə distant təhsil yalnız texnologiya deyil, həm də müəllim hazırlığı, rəqəmsal resursların keyfiyyəti və çevik idarəetmə sistemi üzərində qurulub.

Azərbaycan üçün hibrid model – yəni ənənəvi və distant təhsilin inteqrasiyası daha uyğun və dayanıqlı yanaşma hesab oluna bilər”, – deyə Mehriban Vəliyeva fikrinə əlavə edib.

Bakıya qarşı ard-arda hücumlar - Türkiyə nə edəcək?
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox