Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-14 13:25:00
180 şagird yerlik yeni məktəb binası

Ölkəmizdə təhsil sahəsinin inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər bütün bölgələrdə olduğu kimi, Qazax rayonunda da uğurla icra olunur. "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə təmirə ehtiyacı olan 11 məktəbin salınması da təhsilə  dövlət qayğısının əyani sübutudur.

 

Rayon təhsil şöbəsindən verilən  məlumata görə, Dövlət Proqramında tikintisi nəzərdə tutulan məktəblərdən biri sərhəddə yerləşən şəhid Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəbdir.

 

Hazırda Təhsil Nazirliyi tərəfindən bu məktəb üçün 180 şagird yerlik yeni bina tikilir. Burada şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılacaq. Məktəb binası 3 mərtəbədən ibarət olacaq. Bundan əlavə, məktəbdə həcmi 100 kubmetr olan içməli su anbarı, yanğından mühafizə üçünsə 122 kubmetrlik su anbarı tikiləcək. Su nasosu stansiyası, çirkab su anbarı, qazanxana da inşa ediləcək. Məktəbdə idman və akt zalları, bufet fəaliyyət göstərəcək.(Azərbaycan Müəllimi/Şakir Cəfərov)