Azedu.az

KSQ və BSQ-lərin ləğvi gündəmdə: “Müəllimin vaxtı kağız yoxlamaya gedir”

Orta təhsil

20 May 2026, 14:08
KSQ və BSQ-lərin ləğvi gündəmdə: “Müəllimin vaxtı kağız yoxlamaya gedir”
Hazırda məktəblərdə kiçik summativ qiymətləndirmə (KSQ) və böyük summativ qiymətləndirmələrin (BSQ) keçirilməsi davam edir. Bəzi bölgələrdə bu qiymətləndirmələr artıq elektron formatda təşkil olunsa da, proses bütün regionlarda eyni şəkildə tətbiq edilmir. Xüsusilə bir çox kənd və region məktəblərində KSQ və BSQ-lər hələ də kağız üzərində keçirilir.

Bildirilir ki, ölkə üzrə tam elektron sistemə keçid hələlik real görünmür. Bunun əsas səbəblərindən biri kənd məktəblərində mövcud infrastruktur çatışmazlığıdır.

Region məktəblərində müəllimlərin KSQ və BSQ-lərin yoxlanılmasına əlavə vaxt sərf etməsi tədris prosesinə necə təsir edir? Bu qiymətləndirmələrin ləğvi və ya fərqli modellə əvəz olunması mümkün hesab edilə bilərmi?

AzEdu.az-a mövzu ilə bağlı sabiq deputat, əməkdar müəllim Sona Əliyeva açıqlama verib.

O qeyd edib ki, əgər müəllim dərsdən sonra saatlarla KSQ və BSQ yoxlamağa məcbur qalırsa, bu, tədrisin keyfiyyətindən oğurlanan vaxtdır:

182014

“KSQ və BSQ-lərlə bağlı müzakirələr uzun zamandır cəmiyyətdə davam edir. Müzakirələrin əsas mahiyyəti isə KSQ və BSQ-lərin uzun, lazımsız, bəzən ədalətsiz və yetərsiz qiymətləndirmə vasitəsi olduğu fikrinin formalaşması ilə bağlıdır. Mən düşünürəm ki, bu, müəllimlərin iş yükü, məktəblər arasındakı imkan fərqi və təhsilin real keyfiyyəti ilə bağlı ciddi problemdir.

Əgər bir məktəbdə summativ qiymətləndirmə elektron formada aparılırsa, başqa bir məktəbdə müəllim hələ də testləri kağız-kağız yoxlayırsa, burada təhsil imkanlarının bərabərsizliyi açıq-aydın görünür. Şəhərdə müəllimin vaxtına qənaət edən mexanizm kənddə işləmirsə, yük yenə də müəllimin üzərinə düşür. Bu isə region müəlliminin daha ağır şərtlərdə işləməsi deməkdir. Müəllim dərsdən çıxandan sonra saatlarla KSQ və BSQ yoxlayırsa, bəzən istirahət günündə belə məktəbə gəlməyə məcbur qalırsa, bu, həm də tədrisin keyfiyyətindən oğurlanan vaxtdır. Çünki müəllimin əsas işi kağız yoxlamaq deyil, dərsə hazırlaşmaq, şagirdi anlamaq, zəif şagirdlə işləmək və sinifdə canlı öyrənmə mühiti yaratmaqdır".

Qiymətləndirmə olmasa, tədrisin nəticəsini ölçmək çətin olar, amma problem onun varlığında deyil, necə tətbiq edilməsindədir:

“Qiymətləndirmə sistemi müəllimə kömək etməlidir, onun işini ağırlaşdırmamalıdır, şagirdlərin müvəffəqiyyət göstəriciləri ilə bağlı çevik və dəqiq məlumat verməlidir. Əgər KSQ və BSQ müəllimi yorur, şagirdi stresə salır, valideyndə narazılıq yaradırsa, deməli, həmin mexanizm yenidən nəzərdən keçirilməlidir. Bunun ləğv edilməsini də doğru saymıram. Çünki məktəb şagirdin nəyi mənimsədiyini bilməlidir. Müəllim də hansı mövzuda boşluq qaldığını görməlidir. Qiymətləndirmə olmasa, tədrisin nəticəsini ölçmək çətin olar. Sadəcə problem ondadır ki, bu gün qiymətləndirmə bəzi hallarda öyrənməni dəstəkləyən vasitə olmaqdan çıxıb, formal və yorucu prosesə çevrilib.

Bu gün əsas problem KSQ və BSQ-nin varlığı deyil, onun necə keçirilməsidir. Mövcud model bütün məktəblərə eyni imkanlar varmış kimi yanaşır. Halbuki reallıq fərqlidir. Hər kənd məktəbində sürətli internet, yetərli kompüter, texniki əməkdaş və elektron platformadan istifadə imkanı yoxdur. Ona görə də tam elektron keçid hədəf kimi düzgün olsa da, bu gün onun ölkə üzrə eyni vaxtda tətbiqi real görünmür. Əgər yaxın vaxtda bunu etmək mümkün deyilsə, deməli, texniki imkanı zəif olan məktəblərdə yoxlama yükü müəllimin çiynindən götürülməlidir. Optik cavab kartları, mərkəzləşdirilmiş yoxlama, vahid sual bankı və s. tətbiq etmək olar".

Təhsil yalnız ölçmə-qiymətləndirmə üzərində qurula bilməz. Əvvəlcə öyrətmək, sonra ölçmək lazımdır:

"KSQ-lərin sayı da ayrıca müzakirə olunmalıdır. Tez-tez keçirilən qiymətləndirmə daha çox nəzarət görüntüsü yaradır, amma real öyrənməyə təsir etmir. Şagird davamlı imtahan stresi çəkir, müəllim isə dərs prosesindən çox yoxlama işlərinə vaxt sərf edir. Təhsil yalnız ölçmə-qiymətləndirmə üzərində qurula bilməz. Əvvəlcə öyrətmək, sonra ölçmək lazımdır.

Bütün fənlərə də eyni yanaşmaq doğru deyil. Bəzi mövzular testlə ölçülə bilər, bəziləri isə layihə, təqdimat, şifahi sual-cavab, praktik tapşırıq və s. ilə daha yaxşı qiymətləndirilə bilər. Çünki şagirdin həm də düşünməsi, izah etməsi, əlaqə qurması, nəticə çıxarması da qiymətləndirilməlidir.

Ona görə KSQ və BSQ-lər olsun, ya olmasın deyə bilmərik. Lakin onların sayı azaldıla bilər, formatı dəyişdirilə bilər, yoxlama prosesi avtomatlaşdırıla bilər, bəzi fənlərdə alternativ qiymətləndirmə tətbiq oluna bilər. Əsas odur ki, bu model müəllimin vaxtını əlindən almasın və şagirdin inkişafını daha dəqiq izləsin".

Bu vaxta kimi erməni dövləti olmayıb - Paşinyandan şok etiraf
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox