Azedu.az

Uşaqlarda imtahan qorxusu: “səhv etməməliyəm” düşüncəsi güclənir

Orta təhsil

8 İyun 2026, 13:16
Uşaqlarda imtahan qorxusu: “səhv etməməliyəm” düşüncəsi güclənir

 IV və VI sinif şagirdləri monitorinq imtahanlarında iştirak etdilər. Bu qiymətləndirmələrin şagirdlərdə əlavə stres və narahatlıq yaratdığı müşahidə olunur.

Bəzi hallarda müəllimlər şagirdlərə monitorinq imtahanında zəif nəticə əldə edəcəkləri təqdirdə sinifdə qala biləcəklərini bildirirlər. Digər tərəfdən, monitorinq imtahanlarında gözlənilən nəticəni göstərə bilməyən şagirdlər də az deyil.

Maraqlıdır, uşaqların kiçik yaşlardan etibarən bu qədər çox imtahanlara cəlb olunması onların psixoloji vəziyyətinə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən psixoloq Nizami Orucov qeyd edib ki,  kiçik yaşlarda davamlı qiymətləndirilmə hissi bəzi uşaqlarda “səhv etməməliyəm” düşüncəsini gücləndirir:

Nizami Orucov: “Tək uşaqdan ailə gözləntisi hər zaman daha çoxdur” |  AzEdu.az

“Monitorinq imtahanlarının əsas məqsədi şagirdlərin bilik səviyyəsini qiymətləndirmək və tədris prosesindəki çatışmazlıqları müəyyən etmək olsa da, bu proses uşaqlarda həddindən artıq təzyiq və qorxu ilə müşayiət olunduqda psixoloji təsirləri də nəzərə alınmalıdır.

Xüsusilə ibtidai və orta məktəb yaşlarında olan uşaqlar qiymətləndirilməyə daha həssas yanaşırlar. Əgər imtahanlar inkişaf və öyrənmə vasitəsi kimi deyil, uğur və ya uğursuzluğun göstəricisi kimi təqdim edilirsə, bu zaman uşaqlarda həyəcan, özünəinam azalması və uğursuzluq qorxusu yarana bilər. Kiçik yaşlarda davamlı qiymətləndirilmə hissi bəzi uşaqlarda “səhv etməməliyəm” düşüncəsini gücləndirə bilir”.

Yaxşı hazırlaşmış şagirdlər belə yüksək həyəcan səbəbindən real potensiallarını göstərə bilmirlər:

“Müəllimlərin “zəif nəticə göstərsəniz sinifdə qala bilərsiniz” kimi ifadələr işlətməsi isə pedaqoji və psixoloji baxımdan riskli yanaşmadır. Qorxu üzərində qurulan motivasiya qısamüddətli nəticə versə də, uzunmüddətli perspektivdə uşağın öyrənməyə münasibətinə mənfi təsir göstərə bilər. Belə hallarda uşaq biliyə maraq göstərmək əvəzinə, cəzadan və ya uğursuzluqdan qaçmağa fokuslanır.

Bu cür mesajlar xüsusilə həssas və özünəinamı aşağı olan uşaqlarda güclü narahatlıq yarada bilər. Bəzi uşaqlar imtahan öncəsi yuxu pozuntuları, qarın ağrısı, ürəkdöyünmə və ya diqqət problemləri yaşaya bilirlər. Hətta yaxşı hazırlaşmış şagirdlər belə yüksək həyəcan səbəbindən real potensiallarını göstərə bilmirlər”.

Monitorinq imtahanları uşaqlarda qorxu mənbəyinə çevrilməməlidir:

“Monitorinq imtahanında zəif nəticə göstərən uşaqlarda isə müxtəlif reaksiyalar müşahidə oluna bilər. Bəzi uşaqlar bunu inkişaf üçün siqnal kimi qəbul etsələr də, digərləri özlərini “uğursuz”, “bacarıqsız” və ya “digərlərindən geri qalan” kimi qiymətləndirə bilərlər. Əgər ailə və məktəb mühiti nəticəyə həddindən artıq fokuslanırsa, bu hisslər daha  da güclənə bilər.Burada vacib olan nəticənin necə təqdim edilməsidir. Uşağa “sən zəifsən” mesajı yox, “bu sahədə daha çox çalışmağa ehtiyac var” mesajı verilməlidir. Çünki qiymətləndirilən uşağın şəxsiyyəti yox, müəyyən vaxt ərzində göstərdiyi akademik nəticədir.

Ümumiyyətlə, monitorinq imtahanları uşaqlarda qorxu mənbəyinə çevrilməməlidir. Məktəb və valideynlər bu prosesi uşağın dəyərini ölçən vasitə kimi deyil, onun inkişafını izləməyə kömək edən mexanizm kimi təqdim etdikdə psixoloji təsirlər daha sağlam olur. Uşağın özünəinamını qorumaq, nəticədən çox səylərini qiymətləndirmək və emosional dəstək göstərmək bu dövrdə ən vacib yanaşmalardandır”.

TƏCİLİ! İranla Rusiya BOMBALANIR - Ermənistanda isə...
Son xəbərlərDaha çox