Azərbaycanda təhsil müəssisələrində müəllim və rəhbər heyəti üçün müəyyən edilmiş etik davranış qaydaları mövcuddur.
Bu qaydalar müəllim və rəhbərlərin fəaliyyətində məsuliyyət, nizam-intizam və etik mühitin qorunmasını əsas prinsiplərdən biri kimi müəyyənləşdirir.
AzEdu.az-ın “Müəllimlərin etik davranış Qaydaları”na istinadən xəbərinə görə, hər bir müəllim etik davranış normalarına əməl etməyə borcludur.
Müəllimlərin bu qaydalara uyğun fəaliyyəti isə rəhbərlik tərəfindən təhlil edilir və aşağıdakı qaydalara uyğun olaraq müvafiq tədbirlər görülür.
Rəhbərlik müəllimlərin fəaliyyətinə necə nəzarət edir?
Rəhbər yeni işə qəbul olunan müəllimləri bu Qaydalarla tanış etməli, pedaqoji kollektivə onların məzmununu izah etməli və müəllimlərin davranışının qaydalara uyğunluğuna nəzarət edərək bu istiqamətdə təhlil aparmalıdır.
Təhsil müəssisəsinin rəhbərindən hansı davranışlar tələb olunur?
Qaydalarda qeyd olunur ki, təhsil müəssisəsinin rəhbəri öz davranışı ilə nümunə göstərməli, kollektivin hüquqa və etik normalara zidd hərəkətlərə yönləndirilməsinin qarşısını almalı və bu istiqamətdə profilaktik tədbirlər görməlidir.
Etik pozuntuların qarşısı necə alınır və necə müzakirə olunur?
Etik pozuntuların qarşısının alınması, onların rəhbərlik və kollektivdə müzakirəsi, eləcə də zəruri hallarda intizam tədbirlərinin görülməsi nəzərdə tutulur.
Eyni zamanda münaqişələrin vaxtında həlli və nizam-intizamın təmin olunması rəhbərliyin əsas vəzifələrindən biri kimi göstərilir.
Etik pozuntular barədə ictimaiyyət necə məlumatlandırılır?
Qayda pozuntuları rəhbərlik və kollektivdə müzakirə edilməli, pozuntuya yol verən müəllimlərə qarşı intizam tədbirləri görülməli, təhsil müəssisəsinin fəaliyyətinə mənfi təsir göstərən mübahisə və maraq toqquşmaları vaxtında aradan qaldırılmalı və nizam-intizam təmin edilməlidir.
Eyni zamanda, görülən tədbirlər barədə kollektiv və ictimaiyyət iclaslar, yığıncaqlar və ya kütləvi informasiya vasitələri ilə məlumatlandırılmalıdır.
Məktəb rəhbərinin müəllimə qarşı etik pozuntuları hansılardır?
Rəhbərin müəllimdən peşə vəzifələrinin icrasına aid olmayan və ya şəxsi həyatı haqqında məlumatlar tələb etməsi və yayması, habelə müəllim əməyinin keyfiyyətinə və onun karyerasına təsir edəcək məlumatların gizlədilməsi və ya ona təhrif olunmuş məlumatların verilməsi yolverilməzdir.
Təhsil müəssisələrində etik mühitə kim cavabdehdir?
Ümumilikdə, rəhbər kollektivin etik davranış qaydalarına əməl etməsinə birbaşa məsuliyyət daşıyır.