Kiyev- Ukraynada təhsil sistemi ilə bağlı islahatlar və beynəlxalq inteqrasiyaya yönəlmiş dəyişikliklər 2026-cı ilin yazında da davam edir.
AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə orta təhsilin Avropa standartlarına uyğunlaşdırılması prosesi mərhələli şəkildə irəliləyir.
Bildirilir ki, 12 illik təhsil modelinə keçidlə bağlı hazırlıq işləri sürətlənib. Yeni sistemin 2027-ci ildən tam tətbiqi planlaşdırılır və bu dəyişikliklərin məqsədi Ukrayna təhsilinin Avropa təhsil məkanına daha da yaxınlaşdırılmasıdır.
Ali təhsil müəssisələrində isə xarici tələbələr üçün mövcud olan hibrid və onlayn təhsil imkanları saxlanılır. Xüsusilə regiondakı təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, bir sıra universitetlər tədrisi çevik formatda davam etdirir.
Eyni zamanda Ukrayna universitetlərinin beynəlxalq əməkdaşlıq proqramlarını genişləndirdiyi, Avropa kredit sistemi ilə uyğunluğun artırıldığı bildirilir. Bu addımlar xarici tələbələr üçün diplomların tanınmasını asanlaşdırmaq və akademik mobilliyi gücləndirmək məqsədi daşıyır.