AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun renium ərintilərinin elektrokimyası və elektrokatalizi laboratoriyasının rəhbəri, kimya üzrə elmlər doktoru Elza Salahovanın çap olunan elmi məqalələri Böyük Britaniyanın “London Journals Press” nəşriyyatının redaksiya heyətinin marağına səbəb olub.

 AzEdu.az xəbər verir ki, Elza Salahova 2019-cu ilin noyabrından bu nəşriyyatın redaksiya heyəti tərəfindən “Franklin fəxri üzvü” seçilib və alimə həmin jurnalda elmi-tədqiqat işlərinin dərc edilməsi, nəşriyyat ilə elmi əməkdaşlıq təklif olunub.

Alimin cari ilin yanvarında “Renium-selenium-mis Nano-təbəqələrinin morfologiyası” (“Morphology of Rhenium-selenium-copper Nano-Films”) adlı məqaləsi fəxri üzv kimi güzəştli şərtlərlə “London Journal of Research in Sciences-Natural and Formal, C-Chemical Science and Engineering” jurnalında dərc edilib.

Dünyanın nüfuzlu nəşriyyat evlərindən biri sayılan “London Journals Press” nəşriyyatı “COPE və Research Councils United Kingdom” standartları çərçivəsində bir çox sahələrin aparıcı mütəxəssisləri ilə əməkdaşlıq edir, onların elmi məqalələrinin güzəştli şərtlərlə çap olunmasına şərait yaradır.