https://www.zirve.edu.az/
14.02.2020 12:21
Bağçalar yalnız bu halda bağlana bilər – İşçilərin aqibəti isə...
Çap et

 

Azərbaycanda özəl sektorun inkişafı məktəbəqədər təhsil sənayesinə də təsir göstərib. Yeni yaradılan bağçalarla yanaşı, fəaliyyəti dayandırılan, lisenziyasına xitam verilən məktəbəqədər müəssisələr də az deyil. Bu, əsasən onların fəaliyyət üçün zəruri olan şərtlərə cavab verməmələrindən irəli gəlir.

Bəs, məktəbəqədər təhsil müəssisələr hansı hallarda bağlana bilər? Belə bir hal baş versə, orada çalışanların aqibəti necə olacaq?

AzEdu.az məlumat verir ki, bu kimi məsələlər Məktəbəqədər tərbiyə müəssisələri haqqında əsasnamədə qeyd olunub. Əsasnaməyə görə, məktəbəqədər müəssisənin fəaliyyəti aşağıdakı hallarda dayandırıla bilər:

-Onun gələcək fəaliyyətinə ehtiyac aradan qalxar və müəssisəni yenidən təşkil etmək mümkün olmazsa ;

-Onun xidmətinə ehtiyac azalıb, məktəbəqədər müəssisədə qalmış uşaqların sayı normadan azdırsa;

-Müəssisə əsaslı təmirə bağlanarsa;

-Fövqəladə hallarda;

-Məhkəmənin və arbitraj məhkəməsinin qərarı ilə.

Məktəbəqədər müəssisənin yenidən təşkili və ləğvi zamanı yuxarı orqan işdən azad olunanlara onların Azərbaycan Respublikası Konstitusiyası və Əmək qanunvericiliyi ilə müəyyənləşdirilmiş hüquqlarına zəmanət verir.

Məktəbəqədər müəssisə təmirə bağlananda, onun işçiləri müvafiq qanunvericilikdə nəzərdə tutulmuş qaydada digər məktəbəqədər müəssisələrdə və ya başqa tədris-təlim müəssisələrində orta əmək haqqı saxlanılmaqla öz ixtisaslarına uyğun işə düzəlirlər.

Müvafiq boş yerlər olmadıqda, həmin müəssisələrin işçilərinə müvafiq qanunvericilikdə nəzərdə tutulmuş qaydada təmir dövründə əmək haqqı ödənilmədən məzuniyyət verilir. Bununla da onların ixtisası üzrə ümumi və fasiləsiz iş stajları saxlanılır.           

Qeyd edək ki, məktəbəqədər müəssisənin fəaliyyətinin dayandırılması yerli təhsil orqanlarının təqdimatına əsasən, nazirliyin əmri ilə həyata keçirilir.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları