https://www.zirve.edu.az/
20.01.2020 10:42
20 yanvar gecəsində şəhid olan, cəmi 1 qolu tapılan fenomenal alim-FOTO

Azərbaycan Dövlət Universitetinə (indiki BDU) daxil olduğumuz ildə kimlərin fövqəladə istedada malik olduğunu hamımız bilirdik.

Fizikləri kimyaçıları və riyaziyyatçıları daha yaxından tanıyırdıq. Çünki biz qonşu idik. Bura yataqxana həyatını da əlavə etmək lazımdır. Belə istedadlardan biri mexanika- riyaziyyat fakültəsinə daxil olmuş Yusif Sadıqov idi.

Yusif orta məktəbi qızıl medalla bitirmişdi. Odur ki, cəmi bir imtahan verəndən sonra Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdu. 3-cü kursda oxuyanda Moskva Dövlət Universitetində keçirilən respublikalararası olimpiadada Bakı Dövlət Universitetini təmsil edib birinci yerə layiq görülmüşdü. O zaman Universiteti əla bitirənləri Akademiyanın institutlarında və universitetdə saxlayırdılar. Yusifi Elmlər Akademiyasının Mexanika- Riyaziyyat İnstitutunda elmi fəaliyyətini davam etdirmək üçün saxladılar. BDU-nu fərqlənmə diplomu ilə bitirən dostumuz 3 “beş” alaraq aspiranturaya qəbul olundu. Yusifi tanıyanlar bilirdilər ki, o, vaxtından əvvəl alimlik dərəcəsi alacaq.

Bacısı professor Səyalı xanımın dediklərindən: “Hələ yanvarın birində bir ziyalı kimi, sağlam məntiq sahibi kimi bu hadisələrdən danışırdı. Deyirdi, əgər Tiflisdə olubsa, bizdə ola bilməz. Evimiz “Salyanski” adlanan məşhur hərbi kazarmanın yanında idi. Maraqlı bir detalı deyim ki, yanvarın 19-dan 20-nə keçən gecə Yusifina ad günü idi. Həm də nişanlı idi. Nişanlısı universitetdə oxuyurdu. Yusif də səhər onu imtahana aparmalı idi. Amma qəfildən tank səslərini eşidəndən sonra bizə də deməmiş sakitcə evdən çıxmışdı”.

Yusifin ölümü türkürpədicidir. Onun bir qolu tapılıb. Rus tankının altında qalan bu istedadlı qardaşımızın itkin düşməsini eşidən bütün tələbə dostları onun adı gələndə ani olaraq şoka düşürlər. Çünki Yusif davranışı, savadı, mədəniyyəti əxlaqı ilə heç kimə bənzəmirdi. Böyük Allah onu yaradanda ona heç bir qüsur verməmişdi. Yaşadığı illərdə isə o özünü yalnız fövqəlinsana xas olan keyfiyyətləri qoruyub saxlamaqla məşğul oldu.

Frensis Bekonun gözəl bir aforizmi var: “Ateistdən yaxşı riyaziyyatçı olmaz”. Təhsil aldığımız illər ateizm dövrünə təsadüf etdiyi üçün biz dindən çox danışmırdıq. Ancaq Yusifin adı gələndə indi də düşünürəm ki, onun mədəniyyəti, əxlaqlı və qorxu bilməməsi yaxşı riyaziyyatçı olmasının tamamlayırdı.

Mən Yusifin necə təmkinlə riyazi məsələlər üzərində düşündüyünün şahidi olmuşam. Universitetin 2 saylı yataqxanasında. Riyaziyyatı yaxşı bilməyənlər ondan düşünməyi öyrənirdilər.
Yusifin ölümü riyaziyyat elminə də baş verən ağır itki idi. Yeri dərhal göründü.
Mən şəhidlər xiyabanınını hər dəfə ziyarət edəndə elə bilirəm ki, Yusif o dünya da kimlərəsə riyaziyyat öyrədir. Amansız zaman onun isdedadından lazımınca istifadə etməyimizə imkan vermədi. Alla sənə rəhmət eləsin əziz dostum.

Etibar ƏLİYEV

Təhsil eksperti