Müəllimlik peşəsinin nüfuzunın getdikcə daha da artması özünü qəbul imtahanlarının nəticələrində də göstərir. Yüksək bal toplayan gənclərin hüquq və ya tibb kimi ənənəvi ixtisaslarla yanaşı, pedaqogikanı da seçməsi təhsilin gələcəyi adına ümidverici mənzərə yaradır.
Maraqlıdır, bu il nəticəsi ilə fərqlənən və qəbul imtahanlarında 600 baldan yüksək nəticə göstərən neçə abituriyent müəllimlik ixtisasını seçib?
AzEdu.az mövzu ilə bağlı universitetlər arasında sorğu keçirib.
Azərbaycan Dövlət Pedaqoji Universitetindən sorğuya cavab olaraq bildirilib ki, 2026-2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinin bavalavriat səviyyəsinə qəbul imtahanlarında 600-dən yüksək bal toplayan 8 abituriyent ixtisas seçimi zamanı ADPU və onun filiallarını seçiblər.
Həmin tələbələri təqdim edirik:
Aynuran Səlim qızı Abbasova Üzeyir Hacıbəyov adına 7 nömrəli tam orta məktəbin məzunudur. Qəbul imtahanlarında 649,4 bal toplayan Aynuran ADPU-nun Ağcabədi filialının Riyaziyyat və informatika müəllimliyi ixtisasını seçib.
Lera Mirzə qızı Səfiyeva Qusar rayonunun Piral kənd tam orta məktəbinin məzunudur. Məktəb illərində fizika fənni üzrə olimpiadalarda fəal iştirak edən Lera qəbul imtahanlarında 637,1 bal toplayıb və ADPU-nun Riyaziyyat və fizika müəllimliyi ixtisasına qəbul olunub.
Elşad Əzizulla oğlu Musayev Quba rayonunun Nüqədi kəndində yerləşən Zəki Kərimov adına 1 nömrəli məktəbin məzunudur. Müxtəlif fənn olimpiadalarında iştirak edən Elşad qəbul imtahanlarında 623 bal toplayıb. O, ADPU-nun Quba filialının Riyaziyyat müəllimliyi ixtisasını ilk sırada seçərək elə ora da qəbul olunub.
Zəhra Vüqar qızı Ağayeva orta təhsilini Bakı şəhəri 11 nömrəli tam orta məktəbdə alıb. Məktəbi fərqlənmə attestatı ilə bitirən Zəhra qəbul imtahanlarında 615,5 bal nəticə göstərib və ADPU-nun Riyaziyyat müəllimliyi (tədris ingilis dilində) ixtisasına qəbul olunub.
Aişə İbrahim qızı Abdulmənəfova Şəki şəhər 6 nömrəli məktəbin məzunudur. O, 2025-ci ildə keçirilən regional “Zəfər” olimpiadasında Azərbaycan dili və ədəbiyyatı üzrə II yerə layiq görülüb. Qəbul imtahanlarında 614 bal toplayan Aişə ADPU-nun Şəki filialının Xarici dil müəllimliyi (ingilis dili üzrə) ixtisasına qəbul olunub.
Aysu Rəşad qızı Mustafayeva Quba rayonunun Digah kəndində yerləşən Fərhad Həmzəyev adına orta məktəbin məzunudur. Qəbul imtahanlarında 607,7 bal toplayan Aysu ADPU-nun Quba filialının Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasına qəbul olunub.
Zəhra Fuad qızı Nəcəfzadə Sumqayıt şəhər 37 nömrəli tam orta məktəbin məzunudur. Qəbul imtahanlarında 607 bal toplayan Zəhra ADPU-nun Riyaziyyat müəllimliyi (tədris ingilis dilində) ixtisasını ilk sırada qeyd edərək həmin ixtisasa qəbul olunub. Xatırladaq ki, 2024-cü ildə Zəhranın bacısı Fatimə Nəcəfzadə də 663,9 balla ADPU-nun Riyaziyyat və informatika müəllimliyi ixtisasına qəbul olub.
Aysun Mənsur qızı Məmmədli Ağstafa rayonunun Eynallı kəndində yerləşən X. İsmayılov adına tam orta məktəbi fərqlənmə attestatı ilə bitirib. Qəbul imtahanlarında 606,8 bal nəticə göstərən Aysun ADPU-nun Riyaziyyat və fizika müəllimliyi ixtisasına qəbul olunub.