Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 96 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"ndə dəyişiklik edilməsi haqqında Qərar imzalayıb.
Qərara əsasən, təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir.
Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil tədqiqiatçısı Elmin Nuri qeyd edib ki, məktəbli forması sadəcə geyim tərzi yox, həm də tədris intizamının ayrılmaz tərkib hissəsidir:

“Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişiklik edilməsi haqqında Qərarı təhsil sahəsində uzun zamandır ki, müzakirə edilən və birmənalı qarşılanmayan vacib məsələyə tam aydınlıq gətirmiş oldu.
Məktəb mühiti üçün məktəbli forması sadəcə, geyim tərzi yox, həm də tədris intizamının ayrılmaz tərkib hissəsidir. Bu gün dünyanın bir çox yüksək inkişaflı təhsil ölkələrinə diqqət etsəniz, orada məktəbli formalarının necə vacib faktor olduğunu görə bilərsiniz. Məktəb bəlli geyim forması ilə şagirdlərin hər birini eyni intellektual çətir altına yığır, onlara eyni dəyərlərin tərkib hissəsi olma təlqinini aşılayır.
Məktəbli forması təhsil müəssisəsində vahid və səliqəli görünüş mədəniyyətini təşviq edir. Məqsəd məktəb mühitində rahat, təhlükəsiz və təhsil prosesinə uyğun geyim mədəniyyətinin formalaşdırılmasıdır”.
Vahid məktəbli forması təkcə kollektiv şüur yox, həm də eyni intellektual düşüncə sisteminin bir üzvü olmaq anlamında dəyərləndirilməlidir:
"Məktəb mühitində ən vacib prinsiplərdən biri bərabərlikdir: sosial statusdan, ailənin maddi imkanlarından, etnik və ya dini mənşəyindən asılı olmayaraq hər bir uşağın eyni şərtlərdə təhsil alması, eyni fürsətlərə malik olması burada əsas göstəricidir.
Bu, əslində dünyada çoxdan başlamış, bəzi ölkələrdə isə uzun onilliklərdir ki, tətbiq olunan beynəlxalq trendin bir hissəsidir. Günü-gündən yenilənən, artıq süni intellekt, robot texnologiyası kimi ən müasir metodlarla tam ayaqlaşan təhsil bu vacib ənənəni zaman və məkandan asılı olmayaraq mütləq icra edir.
Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. Dünyəvi təhsil - məktəb bütün şagirdlər üçün neytral və inklüziv mühit olmalıdır.
Vahid məktəbli forması şagirdlər аrasındа bərabərliyin və vahid məktəb mühitinin təmin olunmasına xidmət edir, şagirdlərdə kollektivə aidlik, məsuliyyət və məktəb kimliyi hissinin formalaşmasına müsbət təsir göstərir.
Uşaqların eyni parta arxasında oturarkən bir-birindən seçilməməsi onların münasibətində də mühüm rol oynayır, eyni zamanda şagirdlər arasında sosial-iqtisadi fərqlərin qarşısını almağa, həmçinin ayrı-seçkilik risklərini azaltmağa imkan yaradır.
Doğudur, məsələ ilə bağlı sosial şəbəkələrdə, ayrı-ayrı qrup və səhifələrdə birmənalı səslənməyən fikirlər var. Amma hər hansı bir məsələ ilə bağlı hər zaman yalnız müsbət xarakterli fikir də bildirmək olmaz. Vahid məktəbli forması təkcə kollektiv şüur yox, həm də eyni intellektual düşüncə sisteminin bir üzvü olmaq anlamında dəyərləndirilməlidir”.