Azedu.az

Bu təhsil layihəsi sürətlə genişlənir - MÜTDA sədri

Orta təhsil

11 Sentyabr 2026, 10:35
Bu təhsil layihəsi sürətlə genişlənir - MÜTDA sədri

“Rəqəmsal məktəb” platforması 700 min şagirdi əhatə edəcək.

AzEdu.az xəbər verir ki, bunu Təhsil işçilərinin sentyabr konfransında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov çıxışı zamanı bildirib.

Eşqi Bağırov bildirib ki, “Rəqəmsal məktəb” platformasının əsas məqsədi məktəbdaxili keyfiyyət və tədris prosesinin elektron və rəqəmsal formada idarə olunmasını təmin etməkdir.

Onun sözlərinə görə, platforma məktəbdaxili qiymətləndirmələrin təşkili, nəticələrin emalı və təhlili, eləcə də çevik qərarların qəbulunda mühüm alət rolunu oynayır.

Agentlik direktoru qeyd edib ki, platforma müəllimlərin inzibati iş yükünün azaldılmasına və onlara peşəkar-metodik dəstəyin göstərilməsinə də xidmət edir. Bildirilib ki, platformada müəllimlər üçün Azərbaycan təhsil proqramlarına və kurikulumlarına uyğunlaşdırılmış süni intellekt alətlərindən də istifadə olunur.

Eşqi Bağırovun sözlərinə görə, şagird davamiyyətinin mütəmadi izlənməsi və hesabatlılığın təmin olunması baxımından da “Rəqəmsal məktəb” platforması məktəblər və idarəetmə orqanları üçün əsas vasitələrdən birinə çevrilib.

O bildirib ki, platforma valideyn iştirakçılığının artırılmasına, valideynlərin şagirdlərin davamiyyəti və qiymətləndirmə nəticələrini izləməsinə, həmçinin məktəblə əks-əlaqənin və ünsiyyətin gücləndirilməsinə imkan yaradır.

Qeyd edilib ki, ötən tədris ilində “Rəqəmsal məktəb” platforması yalnız Bakı şəhərində tətbiq olunub və 352 məktəbi, təxminən 400 min şagirdi əhatə edib.


Yeni tədris ilindən etibarən platformanın tətbiq dairəsi genişləndiriləcək. Belə ki, Naxçıvan, Gəncə, Sumqayıt, Abşeron və Mingəçevirdə də istifadəyə veriləcək platformanın ümumilikdə 700 minə yaxın şagirdi və 60 mindən çox müəllimi əhatə etməsi nəzərdə tutulur.

Rusiyaya dəhşətli hücum başladı - Ukrayna raketlərlə bombalayır
Son xəbərlərDaha çox