"Ümumi təhsildə şagird nailiyyətlərinin artırılması hədəflənib".
AzEdu.az xəbər verir ki, bunu Təhsil işçilərinin sentyabr konfransında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov çıxışı zamanı bildirib.
O qeyd edib ki, ötən tədris ilində ümumi təhsil üzrə əsas hədəflər şagirdlərin akademik nailiyyətlərinin artırılması ilə bağlı olub.
Eşqi Bağırovun sözlərinə görə, oxu, riyazi və rəqəmsal savadlılıq üzrə zəif nəticə göstərən şagirdlərin payının azaldılması, yüksək nəticə göstərənlərin sayının isə artırılması əsas prioritetlərdən olub.
Agentlik direktorunun sözlərinə görə, məktəblərdə aparılan inspeksiyaların nəticələrində müsbət dəyişikliklərin əldə olunması da qarşıya qoyulan hədəflər sırasında yer alıb.
O bildirib ki, akademik nailiyyətlərlə yanaşı, ilk dəfə şagirdlərin fiziki inkişafı və sağlamlığı ilə bağlı da məktəblərin qarşısına konkret hədəflər qoyulub. Bu çərçivədə fiziki inkişaf normativlərində müsbət dəyişikliklərin əldə olunması nəzərdə tutulub.
Eşqi Bağırov əlavə edib ki, müəyyənləşdirilən hədəflərin icrası üçün Agentlik, Regional Təhsil İdarələri və məktəblərin rol, vəzifə və məsuliyyətlərini müəyyən edən fəaliyyət planı hazırlanıb. Planın əsas istiqamətlərindən biri isə yeni tədris ilinin əvvəlində məktəblərin, regionların və şagird nailiyyətlərinin ilkin qiymətləndirilməsi və diaqnostikasının aparılması olub.