“Son illər UNEC-də xarici dil hazırlığının gücləndirilməsi istiqamətində ciddi addımlar atılıb”.
AzEdu.az xəbər verir ki, bu sözləri UNEC-də keçirilən APTIS əsaslı ingilis dili imtahanının açılış mərasimində universitetin rektoru Ədalət Muradov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, ingilis dilinin tədris müddəti iki ilə çatdırılıb və təhsil dörd əsas bacarıq - oxuma, yazma, dinləmə və danışıq üzrə təşkil olunur.
“Bizim məqsədimiz hər bir UNEC tələbəsinin ən azı orta səviyyədə ingilis dili biliyinə malik olmasıdır. Bu, onların xarici universitetlərlə mübadilə proqramlarında iştirakına, xaricdə magistratura təhsili almasına və beynəlxalq akademik mühitə inteqrasiyasına imkan yaradacaq”.
Ədalət Muradov vurğulayıb ki, müasir əmək bazarında xarici dil bilikləri artıq əlavə üstünlük deyil, əsas tələblərdən biridir. Onun fikrincə, gələcəkdə UNEC məzunlarının fərqləndirici xüsusiyyətlərindən biri məhz yüksək səviyyəli xarici dil hazırlığı olacaq.
Rektor çıxışında tələbələrin yumşaq bacarıqlarının inkişafına yönələn yeniliklərdən də danışıb. O bildirib ki, bu məqsədlə universitetdə xüsusi kafedra yaradılıb və yumşaq bacarıqlar məcburi fənlər blokuna daxil edilib.
“İş dünyasında diplomla yanaşı bacarıqlar da tələb olunur. Buna görə də biz regionda ilk dəfə olaraq akademik transkriptlə yanaşı qeyri-akademik transkript də təqdim etməyə başlayacağıq. Həmin sənəddə tələbələrin 11 müxtəlif yumşaq bacarıq üzrə səviyyələri əks olunacaq”.
UNEC rəhbəri universitet məzunlarının praktiki hazırlığının gücləndirilməsinin də prioritet istiqamətlərdən biri olduğunu bildirib.
Onun sözlərinə görə, sentyabrdan etibarən ikinci və üçüncü kurs tələbələri öz ixtisaslarına uyğun müəssisələrdə bir semestrlik staj proqramına cəlb olunacaqlar.
“Ən çox eşitdiyimiz iradlardan biri məzunların praktiki vərdişlərinin kifayət qədər olmamasıdır. Buna görə də tələbələr hələ universitetdə oxuyarkən real iş mühitini yaxından tanıyacaq, gələcək peşələrinin tələblərini öyrənəcəklər”, - deyə rektor əlavə edib.
Ədalət Muradov çıxışının sonunda bildirib ki, universitetin əsas missiyası yalnız bilikli mütəxəssis deyil, həm də milli-mənəvi dəyərlərə sadiq vətəndaş yetişdirməkdir.
O qeyd edib ki, son üç ildə UNEC-də mədəniyyətin təhsilə inteqrasiyası istiqamətində sistemli iş aparılır və bu fəaliyyət gələcəkdə də davam etdiriləcək.