"Distant təhsilin davamlı və keyfiyyətli olması üçün vahid milli standartların hazırlanması mühüm əhəmiyyət daşıyır. Bu standartlar dərs müddəti, müəllimin rəqəmsal kompetensiyası, interaktivlik səviyyəsi, iştirak göstəriciləri və qiymətləndirmə meyarlarını əhatə etməlidir. Beynəlxalq təcrübə göstərir ki, keyfiyyətə nəzarət mexanizmi olmadan distant təhsilin effektivliyini qorumaq çətin olur".
Bu sözləri AzEdu.az-a açıqlamasında Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Mehriban Vəliyeva qeyd edib.
Azərbaycanda distant təhsilin hüquqi bazasının daha da təkmilləşdirilməsi artıq zərurətə çevrilib:
"Burada əsas istiqamətlər distant təhsilin formal təhsil modeli kimi daha aydın tanınması, elektron qiymətləndirmə mexanizmlərinin hüquqi əsaslarının müəyyənləşdirilməsi və onlayn tədrisdə müəllim-şagird hüquq və vəzifələrinin konkret tənzimlənməsidir. Eyni zamanda kibertəhlükəsizlik, şəxsi məlumatların qorunması və rəqəmsal platformaların akkreditasiyası ilə bağlı hüquqi çərçivənin gücləndirilməsi vacib hesab olunur.
Rəqəmsal bərabərsizliyin aradan qaldırılması distant təhsilin əsas şərtlərindən biridir. Bunun üçün regionlarda genişzolaqlı internet infrastrukturunun gücləndirilməsi, aztəminatlı ailələrə texniki avadanlıq dəstəyi və məktəblərin rəqəmsal resurslarla təminatı prioritet olmalıdır. Paralel olaraq rəqəmsal savadlılığın artırılması da mühüm amildir".
"Distant tədrisdə interaktiv yanaşmalar daha effektiv nəticə verir",- deyə deputat fikrinə əlavə edib:
"Qrup layihələri, canlı müzakirələr, rəqəmsal testlər, oyunlaşdırma elementləri və fərdi geribildirim şagird iştirakını artırır. Müəllimin yalnız məlumat ötürən deyil, həm də motivasiyaedici və istiqamətləndirici rolu burada xüsusi əhəmiyyət daşıyır.
Finlandiya, Estoniya, Cənubi Koreya və Sinqapurun rəqəmsal təhsil modelləri xüsusilə diqqət çəkir. Bu ölkələrdə distant təhsil yalnız texnologiya deyil, həm də müəllim hazırlığı, rəqəmsal resursların keyfiyyəti və çevik idarəetmə sistemi üzərində qurulub. Azərbaycan üçün hibrid model-yəni ənənəvi və distant təhsilin inteqrasiyası daha uyğun və dayanıqlı yanaşma hesab oluna bilər".