Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-17 14:52:00
Dünyanın bir çox ölkələrində də dərslər təxirə salınıb- SƏBƏBLƏR  

Hava şəraitinin kəskinləşməsi ilə əlaqədar ölkədəki bütün təhsil müəssisələrində dərslər iki gün müddətinə təxirə salınıb. Bu barədə orta məktəb şagirdlərinin valideynlərinə də xəbərdarlığın edilməsi əhali arasında təşvişin daha da artmasına səbəb olub.

Əhalidəki gərginliyə baxmayaraq, əslində, bu kimi hallar heç bir ölkə üçün yad deyil. Dünya ölkələrində də ayrı-ayrı vaxtlarda  müxtəlif səbəblərdən məktəblərin bağlanması, dərslərin təxirə salınması hallarına rast gəlinib.

AzEdu.az müxtəlif ölkələrdə dərslərin qəfil dayandırılması hallarını araşdırıb. Məlum olub ki, bu, əsasən şiddətli təbiət hadisələri, epidemiya təhlükəsi və digər səbəblərdən baş verir:

Çox uzağa getməyək, elə bu yaxınlarda Gürcüstanda yayılmış qrip virusu ilə bağlı ölkənin bir neçə ali məktəbində tədris prosesi yanvar ayının 21-nə qədər dayandırıldı. İvaneCavaxişvili adına Tbilisi Dövlət Universiteti, İlya Dövlət Universiteti və digər ali məktəblərdə isə imtahanların müddəti və dərs cədvəli də dəyişdirilib. Qeyd edilən A (H1N1) virusundan 13 nəfər öldüyü də bildirildi.

Keçən ilin sonunda  TürkiyəninAksaray bölgəsində də güclü qar səbəbiylə dərslər təxirə salınmış, Ankara, Qazi, Hacettepe, YıldırımBeyazit Universitetləri ə  müddət tədrisi dayandırmaq məcburiyyətində qalmışdılar. Samsun, Ankara, Bursa, Bolu, Sivas, Denizli, Kırşehir, Çorum, Bilecik ərazilərində yerləşən orta məktəblərdə isə dərs bir gün müddətinə təxirə salınmışdı.

Keçən il Rusiyanın Saratov vilayətində kəskin respirator xəstəlikləri ilə əlaqədar 300-ə yaxın tədris müəssisəsində dərslər bir həftə müddətinə dayandırıldı. Ümumilikdə bu müddət ərzində vilayət ərazisində 248 məktəb, 16 uşaq bağçası, 29 peşə tədrisi müəssisəsində dərslər təxirə salındı. Bundan başqa, 3 məktəbdə və 7 uşaq bağçasında dərslər məhdudlaşdırıldı.

Meksikada isə güclü zəlzələ və qasırğa səbəbindən dərslərin dayandırılması qeyri-adi hal hesab edilmir.  Baş verən güclü zəlzələ ilə əlaqədar məktəblərdə dərslər bir neçə dəfə dayandırılıb.

Qeyd edək ki, sonuncu dəfə Meksikanın Oahaka ştatında 7,2 bal gücündə baş verən zəlzələ də bununla nəticələndi. Zəlzələnin dərinliyi 12 km oldu. Zəlzələ nəticəsində ölən olmasa da, ştata ciddi maddi ziyan dəydi.

Keçən il Meksikanın Duranqo ştatında yaxınlaşmaqda olan “Uilla” qasırğası ilə əlaqədar da dərslər dayandırılmışdı.Bundan başqa, bu zaman Nayarit ştatında da dərslərin qeyri-müəyyən müddətə dayandırıldığı barədə məlumat verilmişdi.

İranın paytaxtı Tehranda güclü qar səbəbindən dərslərin dayandırılması halı baş verib. Yağan güclü qar yollarda hərəkəti çətinləşdirib. Orta məktəblərin ibtidai siniflərində (I-V siniflərdə) dərslər dayandırılıb.

Ötən ilin 19 noyabrında İspaniyanın qitə ərazisi, habelə Balear və Kanari adalarında yağan leysan yağışı sahil ərazilərində daşqınlara səbəb olub və dərslər dayandırılıb.

Valensiya əyalətinin cənubu və Alikante əyalətinin şimalında qasırğa üzündən “qırmızı” (ən yüksək) təhlükə elan edilib. Ölkədə ümumiyyətlə, 45 min məktəblinin dərsləri təxirə salınıb.

Həmin ilin 18 yanvarında isə Almaniyada güclü fırtına nəticəsində məktəblərdə dərslər təxirə salınıb.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları