Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-30 11:24:29
Ağır xəstəlikdən əziyyət çəkən alim dünyasını dəyişdi

Azərbaycan arxeologiya elminə ağır itki üz verib. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun “İlk orta əsrlər arxeologiyası” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Şirzad Soltan oğlu Əhmədov uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

AzEDU xəbər verir ki, Şirzad Soltan oğlu Əhmədov 20 dekabr 1950-ci ildə Şamaxı rayonun Göylər kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya fakultəsini bitirib. 1980-ci ildən etibarən AMEA Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya sektorunda çalışmağa başlayıb. 1992-ci ildə “Pirsaatçay hövzəsinin ilk orta əsrlər arxeoloji abidələri” mövzusunda dissertasiya işini müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

Şirzad Əhmədovun Azərbaycan Arxeologiya elminin inkişafında müstəsna rolu olub. O, uzun illər Şamaxı arxeoloji ekspedisiyasına rəhbərlik edib. Cəmcəmli, Udulu, Məlik Çobanlı  abidələrində, orta əsr Şamaxı şəhəri ərazisində, Xınıslıda, Gülüstan qalasında və s. abidələrdə arxeoloji tədqiqatlar aparıb. Ş.S.Əhmədov Gəncə, Bərdə arxeoloji ekspedisiyalarında da fəal iştirak edib. Tədqiqat işlərinin nəticələri onun tərtib etdiyi elmi hesabatlarda, 100-ə qədər elmi əsərdə, 2 monoqrafiyada öz əksini tapıb.

Ş.S.Əhmədov elmi işlərlə yanaşı  pedaqoji fəaliyyətlə də  məşğul olub. O, 2002-2015-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialının “İctimai fənlər” kafedrasında, həmçinin Sumqayıt Dövlət Universitetinin “Azərbaycan tarixi” kafedrasında dosent vəzifəsində çalışıb. Azərbaycan tarixi, Arxeologiyanın əsasları və s. fənləri tədris edib.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərliyi və əməkdaşları mərhumun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, kədərləri ilə bölüşdüklərini bildirirlər.