XƏBƏRLƏR

19.01.2020 13:58
Mingəçevir Dövlət Universiteti strateji hədəflərə doğru  

Əsas hədəfimiz regionda yerləşən ali məktəbi paytaxt universitetləri səviyyəsinə çatdırmaqdır

 

 Milli ali təhsilimiz 2019-cu ildə

 2019-cu il Azərbaycanda cəmiyyət həyatının bütün sahələri kimi ali təhsilimiz üçün də məzmunun təkmilləşməsi və formanın müasirləşməsi istiqamətində praqmatik addımların atılması və əhəmiyyətli uğurların əldə edilməsi ilə əlamətdar olmuşdur. Bu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən uzaqgörən və düşünülmüş dövlət siyasətinin məzmununda ali təhsilin prioritet yer tutması nəticəsində mümkün olmuşdur.

 

Fikrimizcə, 2019-cu il ali təhsilimiz üçün hər şeydən öncə Bakı Dövlət Universitetinin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi və təntənəli yubiley mərasimində möhtərəm Prezidentimizin proqram xarakterli çıxışı ilə yadda qalmışdır. Tarixi çıxışı zamanı ölkə başçımız qlobal çağırışlar və Azərbaycanın sosial-iqtisadi inkişaf perspektivləri nəzərə alınmaqla yeni ixtisaslar üzrə kadr hazırlığının həyata keçirilməsi, tərbiyə işinin təkmilləşdirilməsi, təhsilalanların milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyəsi, Azərbaycan tarixinin tədrisinin təkmilləşdirilməsi, tələbələrlə ideoloji işin gücləndirilməsi və onların ictimai həyatda fəal iştirakının təşviq edilməsi istiqamətləri üzrə biz təhsil işçiləri qarşısında konkret vəzifələr qoymuşdur.

 

Eyni zamanda, 2019-cu ilin ali təhsillə bağlı ən mühüm hadisələri sırasında ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) yeni təsnifatının təsdiq edilməsini, ilk dəfə olaraq orta ixtisas təhsili pilləsini bitirən subbakalavrların ali təhsil müəssisələrinə imtahansız qəbulunun həyata keçirilməsini, ali təhsil müəssisələrində dövlət sifarişi hesabına oxuyan tələbələrin sayının 2018-ci illə müqayisədə 66 faiz artırılmasını, təqaüd yerlərinin 16 min vahid artırılmasını, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın icrasına start verilməsini xüsusi qeyd etmək olar.

 

Ümumi desək, 2019-cu il milli ali təhsilimizin yeni inkişaf mərhələsinə qədəm qoyması, ali təhsil sistemində keyfiyyətcə yeni rəqabət mübarizəsi şərtlərinin bərəqərar olması, eləcə də universitetlərin missiyasının və inkişaf məqsədlərinin əhəmiyyətli dərəcədə dəyişməsi ilə xarakterizə oluna bilər.

 

Mingəçevir Dövlət Universitetinin dəyişən mənzərəsi

 

Qeyd olunanlar və milli ali təhsilimizin ümumi mənzərəsini müəyyən edən digər dəyişikliklər universitetlərimiz tərəfindən adekvat addımların atılmasını zəruri etmişdir. Bu kontekstdə, Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli 1335 nömrəli Sərəncamı ilə yaradılmış Mingəçevir Dövlət Universitetində (MDU) 2019-cu ilin avqust-dekabr aylarında həyata keçirilən kompleks tədbirlər həm milli və beynəlxalq ali təhsil məkanında baş verən trendlərə, həm də universitetin mövcud və potensial imkanlarına əsaslanmışdır.

 

Pedaqoji, mühəndislik, iqtisadiyyat və idarəetmə istiqamətləri üzrə yüksək ixtisaslı kadr hazırlığı aparılan universitetdə 2019/2020-ci tədris ili üzrə tələbə qəbulu planının (770 nəfər) dolmasında rekord göstərici - 94% (726 nəfər) qeydə alınmış, yekunda 651 nəfər (85%) qeydiyyatdan keçmişdir. 2019/2020-ci tədris ilində MDU-da bakalavriat səviyyəsində 24 ixtisas, magistratura səviyyəsində isə 12 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir. 2400-dən artıq tələbə və magistrantın təhsil aldığı universitetdə 185 nəfəri professor-müəllim heyəti üzvü olmaqla ümumilikdə 300-dən artıq əməkdaş fəaliyyət göstərir. Hazırda MDU-da Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərmiş altı tələbə təhsil alır. Ölkəmizdə müəllim nüfuzunun artırılması istiqamətində reallaşdırılan məqsədyönlü tədbirlərin məntiqi nəticəsi olaraq, cari tədris ilində universitet üzrə ən yüksək nəticə (622 bal) göstərən tələbə “Riyaziyyat və informatika müəllimliyi” ixtisasına qəbul olmuşdur.

 

Əsas hədəflərimiz ölkə başçısı tərəfindən qarşımıza qoyulan tapşırıq və vəzifələri layiqincə yerinə yetirməklə, regionda yerləşən ali təhsil müəssisəsini paytaxt universitetləri səviyyəsinə çatdırmaqdan, eləcə də MDU-nun Mingəçevir şəhəri və ətraf rayonların sosial-iqtisadi inkişafına mühüm töhfələr verməsini təmin etməkdən ibarətdir. Bu hədəflərə çatmaq üçün müasir və çevik universitet idarəetmə texnologiyalarından istifadə etməyə çalışırıq.

 

Yerləşdiyimiz regionun xüsusiyyətləri, real infrastruktur imkanları və mövcud kadr potensialı nəzərə alınmaqla, MDU-nun hərtərəfli inkişaf etdirilməsi üçün tədrisin keyfiyyətinin yüksəldilməsinə, elmi fəaliyyətin səmərəliliyinin artırılmasına, infrastrukturun gücləndirilməsinə, əməkdaşların maddi rifahının yaxşılaşdırılmasına, yerli və xarici universitetlərlə qarşılıqlı faydalı əlaqələrin genişləndirilməsinə və digər vacib məsələlərə xüsusi diqqət yetiririk. Bu məqsədlə, professor-müəllim və tələbə heyətinin hər bir üzvünün potensialından istifadəyə, innovativ tədris və təlim metodlarının tətbiqinə, universitet idarəçiliyində tələbələrin fəal iştirakının və ictimai nəzarətin təmin olunmasına çalışırıq.

 

2019-cu ilin 13 sentyabr tarixində MDU-da ilk dəfə olaraq yeni qəbul olunan tələbələr üçün “Oriyentasiya günü” keçirilmişdir. Dünyanın əksər universitetlərində ənənəvi təşkil olunan “Oriyentasiya günü”nün məqsədi yeni qəbul olunan tələbələri universitetlə tanış etmək və onlara tədris prosesi barədə ətraflı məlumat vermək olmuşdur. MDU-nun bütün tədris binalarında təşkil olunan “Oriyentasiya günü”ndə gənc müəllimlər, tyutorlar, tələbə təşkilatlarının fəal üzvləri və könüllü tələbələr yaxından iştirak etmişlər. Yeni qəbul olunan tələbələr yuxarı kurs tələbələrinin müşayiətilə universitetin tədris infrastrukturu, tələbə təşkilatları, kitabxana resursları və idman qurğuları barədə geniş məlumat əldə etmişlər.

 

Universitet dəyərlərinə yeni baxış

 

Dördüncü sənaye inqilabı, süni intellekt və blokçeyn texnologiyaları dövründə universitetin kadr hazırlığı və elmi tədqiqat fəaliyyəti ilə məhdudlaşmaması, onun yerləşdiyi regionda ümumi ekosistemin mühüm aktorlarından birinə çevrilməsi, eləcə də innovasiya istehsalçısı missiyasını öz üzərinə götürməsi zərurətini qəbul edirik.

 

Milli ali təhsilimizin və universitetlərin insan kapitalının formalaşmasındakı artan rolunu qəbul etdiyimiz, daim yeni təşəbbüslərə yüksək dəyər verdiyimiz və konkret hədəflər uğrunda yorulmadan çalışdığımız universitetimizdə tələbələrə fəxrlə xidmət etməkdən qürur duyuruq. MDU-nu seçən bütün gənclərə uğurlu və mənalı tələbə həyatı vəd edirik.

 

Tələbələrimizə müasir dövrün çağırışlarına uyğun ali təhsil verməyə və onları əmək bazarının tələblərinə uyğun peşəkar kadrlar kimi formalaşdırmağa çalışırıq. Universitetimizin bütün əməkdaşlarını tələbələrimizi innovativ bilik və müasir təcrübələrlə təmin etməyə, hər bir addımda onların yanında olmağa sövq edirik.

 

Tələbələrin gələcəkdə uğurlu karyera qurması ilə bərabər xalqımıza və dövlətimizə layiq vətəndaş kimi yetişməsinə, onların MDU-nun və Mingəçevir şəhərinin ictimai həyatında aktiv iştirak etməsinə, könüllülük və startap fəaliyyətinə cəlb olunmasına, tələbə-gənclərin idmanla məşğul olmasına xüsusi önəm veririk.

 

Tələbələrin və ictimaiyyət nümayəndələrinin universitet idarəçiliyində iştirakı

 

Yüksək intellektli, dərin savadlı, geniş dünyagörüşlü, güclü şəxsiyyət və əsl vətənpərvər mütəxəssislər yetişdirməyi hədəflədiyimiz MDU-da idarəetmə prosesində tələbələrin bərabərhüquqlu iştirakına şərait yaradılmışdır. Belə ki, tələbələrimiz MDU Elmi Şurasında, fakültə elmi şuralarında, imtahan qərargahında və apelyasiya komissiyasında təmsil olunurlar.

 

Eyni zamanda, valideynlərin, Mingəçevir şəhər ictimaiyyətinin, gənclər təşkilatlarının, kütləvi informasiya vasitələrinin, QHT-lərin və digər qurumların nümayəndələrinin MDU-nun cari idarəetmə prosesi ilə yaxından tanış olmasına, başqa sözlə, universitetdəki fəaliyyətimizdə ictimai nəzarətin təmin olunmasına mühüm əhəmiyyət veririk. Bu məqsədlə, universitetin tarixində ilk dəfə olaraq, 2019-cu ilin dekabrında “Mingəçevir” və “Mingəçevir işıqları” qəzetlərinin baş redaktorlarının, Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının sədrinin, Mingəçevir şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktorunun, Mingəçevir şəhər Veteranlar Şurasının katibinin, Mingəçevir şəhər Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədrinin və iki nəfər təqaüddə olan təcrübəli təhsil işçisinin təmsil olunduğu MDU İctimai Nəzarət Şurası yaradılmışdır. Şuranın yaradılmasında əsas məqsəd universitetin idarə edilməsində şəffaflığın və ictimai hesabatlılığın təmin edilməsindən ibarətdir.

 

Strateji hədəflərə uyğun struktur islahatları

 

Son illər ərzində milli ali təhsil sisteminin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər, dünya ali təhsil məkanında baş verən dəyişikliklər, universitetlərin cəmiyyət həyatındakı missiyasının köklü şəkildə yenilənməsi və sürətlə dərinləşən rəqabət mühiti şəraitində universitetlərdə müasir idarəetmə metodlarının tətbiqi zərurətə çevrilmişdir. Bu kontekstdə, qanunvericiliyin tələbləri gözlənilməklə, idarəetmənin səmərəliliyinin yüksəldilməsi, qərarqəbuletmə və icra prosesində çevikliyin artırılması, qabaqcıl yerli və beynəlxalq təcrübədən istifadəyə şərait yaradılması məqsədilə Elmi Şura MDU-da mövcud strukturun təkmilləşdirilməsinə dair qərar qəbul etmişdir.

 

Struktur dəyişiklikləri universitetdə tədris prosesinin daha səmərəli təşkilini, magistratura təhsilinin məzmununun inkişaf etdirilməsini, idarəetmədə paralelliyin aradan qaldırılmasını, elmi fəaliyyətin və doktorantlarla işin səmərəliliyinin artırılmasını, innovasiyalar sahəsində işlərin daha effektiv əlaqələndirilməsini, beynəlxalq əməkdaşlığın genişləndirilməsini, kadrlarla işin təkmilləşdirilməsini, ictimaiyyətlə əlaqələrin müasir dövrün tələbləri çərçivəsində qurulmasını, kargüzarlıq və sənədləşmə işinin keyfiyyətinin yüksəldilməsini hədəfləyir.

 

İslahatlar nəticəsində universitetdə Tədris şöbəsi, Magistratura və doktorantlarla iş şöbəsi, Elm və innovasiyalar şöbəsi, Beynəlxalq əməkdaşlıq ofisi, İnsan resursları şöbəsi, İctimaiyyətlə əlaqələr şöbəsi və Dəftərxana yaradılmışdır.

 

Əməkhaqlarında əhəmiyyətli artım

 

Ölkə başçısının tapşırıqlarına əsasən universitet əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır. “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 oktyabr 2019-cu il tarixli 428 nömrəli Qərarını əsas götürərək, MDU-da 1 sentyabr 2019-cu il tarixindən etibarən aylıq əməkhaqqı professor-müəllim, inzibati-idarə, tədris-köməkçi və xidmətedici heyət üzrə orta hesabla 15% artırılmışdır. Eyni zamanda, ilk dəfə olaraq, MDU-da eyni vəzifə tutan əməkdaşlar üçün vahid vəzifə maaşı təyin edilmişdir. Artımdan sonra, aylıq vəzifə maaşı müəllim üçün 510, baş müəllim üçün 620, dosent üçün 730 və professor üçün 1000 manat məbləğində müəyyən edilmişdir.

 

Bundan başqa, universitet üzrə tədris prosesində iştirak edən professor və müəllim heyətinin saathesabı dərs üçün əməkhaqları 1 sentyabr 2019-cu il tarixindən etibarən təxminən iki dəfə artırılmışdır.

 

Əməkdaşlarımız tərəfindən böyük sevinclə qarşılanan əməkhaqqı artımları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ali təhsil sahəsinə göstərilən yüksək diqqət və qayğının nəticəsində mümkün olmuşdur.

 

Əməkdaşların təcrübə və bacarıqlarının inkişaf etdirilməsi

 

Əməkdaşlarımızın müvafiq ixtisas istiqamətləri üzrə yeni biliklər qazanmasına, eləcə də onların yeni tədris texnologiyaları və ali təhsilin müxtəlif komponentləri üzrə bacarıqlarının inkişafına mühüm önəm veririk. Bu məqsədlə əməkdaşlarımızın müvafiq tədbirlərdə iştirakı üçün mümkün şərait yaratmağa çalışırıq.

 

Bu yöndə aparılan işlərə misal olaraq, Alman Akademik Mübadilə Xidməti (DAAD) tərəfindən Bakı şəhərində təşkil olunan “Boloniya əməkdaşlıq forumu”nu qeyd etmək olar. Avropa Ali Təhsil Məkanında müşahidə olunan yeniliklərin, Boloniya prosesinin məzmununda baş verən dəyişikliklərin və universitetlərarası əməkdaşlığın yeni mexanizmlərinin müzakirə  edildiyi ikigünlük forumda MDU-nun beş əməkdaşının iştirakı təmin olunmuşdur.

 

Bundan başqa, MDU-nun bir əməkdaşı Koreya Elm və İKT Nazirliyi və Koreya Milli İT Sənayesinin Təşviqi Agentliyi tərəfindən 2019-cu ilin 10-20 noyabr tarixlərində Koreya Respublikasının Seul şəhərində keçirilmiş “İnformasiya təhlükəsizliyi” mövzusunda beynəlxalq təlimdə iştirak etmişdir.

 

Elmi fəaliyyətə innovativ yanaşma

 

Universitetdə elmi tədqiqatların məzmununu təkmilləşdirməyi, nəticəyönümlü və ölçüləbilən elmi fəaliyyətin təşkilini hədəfləyirik. Bu məqsədlə, eləcə də MDU-da yeni yaradılmış “Elm və innovasiya şöbəsi”nin fəaliyyətinin təşkili baxımından Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən icra edilən və Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” layihəsindən faydalanmağı düşünürük.

 

Əsas hədəfləri ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların idarə olunması üçün imkanların yaradılmasından, tədqiqatların dəstəklənməsi istiqamətində potensialın gücləndirilməsindən və müasir doktorantura təhsil proqramlarının formalaşdırılmasından ibarət olan layihənin Azərbaycan Respublikasının Təhsil İnstitutundan olan əməkdaşları ilə keçirilən görüşdə əməkdaşlıq üçün real imkanların mövcudluğu bildirilmişdir. İlk addım olaraq, layihənin ekspertləri tərəfindən MDU-nun əməkdaşları üçün “Beynəlxalq elmi jurnallarda məqalələrin yazılması” mövzusunda keçirilən təlim seminarı faydalı olmuşdur.

 

2019-cu ilin 3 dekabr tarixində Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilən doktorantların və gənc tədqiqatçıların XXIII Respublika elmi konfransında MDU-nun 23 əməkdaşı fəal iştirak etmişdir.

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ali təhsil müəssisələrində 2019-cu ildə keçirilməli olan beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumlar çərçivəsində MDU-da keçirilən “Şəxsiyyət, cəmiyyət, dövlət: qarşılıqlı münasibətlərə müasir yanaşmalar” mövzusunda respublika elmi konfransı ali təhsil və elm ictimaiyyətinin yüksək diqqət və marağına səbəb olmuşdur.

 

Bundan başqa, MDU-da Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Gənc tədqiqatçılar üçün Open Academy” adlı layihə çərçivəsində təlimlər təşkil edilmişdir.

 

Müasir elmi yanaşmaların mahiyyətini nəzərə alaraq, MDU ilə orta təhsil müəssisələri arasında əməkdaşlığın inkişafına və şagirdlərin tədqiqat fəaliyyətinə cəlb olunmasına xüsusi əhəmiyyət veririk. Bu yöndə atılan ilk addımlardan biri kimi, MDU və Mingəçevir Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü liseyin birgə təşkilatçılığı ilə “Elmin zirvəsinə gedən yol” mövzusunda keçirilən elmi-nəzəri konfrans uğurlu olmuşdur. Təhsil Nazirliyinin “Kiçik Akademiya”lar proqramı çərçivəsində təşkil olunan konfransın işində MDU-nun professor-müəllim və tələbə heyəti, liseyin pedaqoji kollektivi və şagirdləri fəal iştirak etmişlər.

 

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunan “Kiçik Akademiya”ların əsas məqsədi yuxarı sinif şagirdlərinin elmi axtarışlara sövq edilməsindən, onların müasir tədqiqat metodlarına yiyələnməsindən və universitetlərlə orta təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsindən ibarətdir.

 

Nəzəri biliklərin praktiki bacarıqlarla gücləndirilməsi

 

Tələbələrimizin təcrübi vərdişlərinin inkişaf etdirilməsi və onların əmək bazarına daha yaxşı hazırlanması üçün mütəmadi olaraq Mingəçevir Sənaye Parkına ekskursiyalar təşkil edirik. Tələbələr parkın rezidenti “Mingəçevir Tekstil” MMC-də istehsal prosesilə yaxından tanış olurlar. Eyni zamanda, müəssisənin müvafiq əməkdaşları MDU-da tədris prosesinə fəal cəlb olunurlar. 2019-cu ilin dekabrında MDU-nun rəhbər şəxslərindən ibarət nümayəndə heyəti Mingəçevir Sənaye Parkında olmuşdur. Universitet - biznes işbirliyi konsepti kontekstində aparılan faydalı müzakirələrin nəticəsi olaraq konkret təkliflərin hazırlanması və reallaşdırılması məqsədilə birgə işçi qrupu yaradılmışdır.

 

Bundan başqa, 2019-cu ilin 15 dekabr tarixində “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan 35 tələbəmiz “Tufandağ” xizək qış-yay istirahət kompleksində təlim səfərində olmuşdur. Səfər çərçivəsində “Qış turizminin təşkili” mövzusunda seminarda iştirak edən tələbələr son illərdə ölkəmizdə qış turizminin inkişafı, otelçilik, insan resurslarının idarə edilməsi, müştəri xidmətləri, otellərin beynəlxalq əlaqələri, qonaqların qeydiyyatı, oteldəki otaqların kateqoriyaları və digər xidmətlər barədə faydalı praktiki biliklər qazanmışlar.

 Şahin BAYRAMOV,

Mingəçevir Dövlət Universitetinin rektoru