Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-19 10:42:44
Bir zamanlar bütün SSRİ-də tanınan əfsanəvi  Xaldan məktəbi- Keçmiş və indi - Direktor danışır  

Yevlax rayon Xaldan kənd  tam orta məktəbi   təhsil ocaqları sırasında hər zaman  seçilib.

1904-cü ildən məktəb kimi  fəaliyyət göstərən bu tədris ocağı  əvvəl dörd, yeddi  və sonra on illik təhsil ocağına çevrilib.

Onun çiçəklənmə dövrü 1905-ci ilə təsadüf edir və  kompleks kimi isə 1975-ci ildən fəaliyyət göstərir. Həmin dövrdən məktəb öz daxilində uşaq bağçası, tədris-istehsalat kombinatı və musiqi məktəbini  birləşdirir.

 Xudu Məmmədov  buranı "Gələcəyin məktəbi", "XXI əsrin məktəbi" adlandırıb. Məktəb nəinki SSRİ-də ,hətta xarici ölkələrdə də  kifayət qədər tanınıb. Məktəbin direktoru Prezident təqaüdçüsü və “Şöhrət” ordenli Zahid Şöyübov olub. 1981-ci ildə Ulu Öndər Heydər Əliyev Xaldan məktəbinin nailiyyətləri, kollektivin iş prinsipi ilə tanış olub.

Məktəbdə müəyyən vaxtlarda  xalq şairi Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, akademik Həsən Əliyev, nazir Mehdi Mehdizadə olublar.

Lakin təəssüflər olsun ki, 2005-ci ildən sonra məktəb 14 il müddətində imicini itirib. Məktəb binası pis vəziyyətə düşüb və şagirdlərin təhsil almaları üçün əlverişsiz şərait yaranıb.

2019-cu ilin mart ayından isə Təhsil Nazirliyinin keçirdiyi direktorların işə qəbulu imtahanında  47 bal nəticə göstərən  Günel Yusifzadə direktor təyin edilib.

Günel Yusifzadə AzEdu.az-a açıqlamasında məktəbə yeni təyin olunmasına baxmayaraq, bir çox işlərə imza atdığını söyləyib:

“Bu məktəbin nüfuzu Zahid Şöyübovun adı ilə bağlıdır. Zahid müəllimdən sonra məktəb  durğunluq dövrü yaşayıb.

Mart ayından  məktəbə direktor  təyin olunmuşam və  var- qüvvəmlə buranı yüksəltməyə çalışıram. Təşkilatçılıq işlərinə başlamışıq. Məktəbin müəyyən hissələrində təmir işləri aparırıq. Burada olan limon və nar bağlarını məhv olmaqdan qurtarmışıq. Yaşıllıq zolaqları salınıb və müxtəlif tədbirlər görülüb. Məktəbimiz rayon tədbirlərində iştirak edir. Məktəbin stadionunu bərpa etmişik. Akt zalı və bufet  təmir edilib. Avadanlıqları yeniləmişik. Onu da qeyd edim ki, bufetimiz 1990-cı illərdən fəaliyyət göstərmirdi.

Mən məktəbi ilk gördüyümdə bura sanki görünüşünü itirmişdi.`

Məktəbin yaxşı vəziyyətdə olması üçün idarəedici güclü olmalıdı.  Direktorun idarəetmə, təşkilatçılıq qabiliyyəti və savadı olmalıdır. Bunlar bir rəhbərdə olarsa ,  yüksək nəticələr əldə etmək mümkündür.

Kollektivimizdə savadlı müəllimlərimiz çoxdu. Onlar mənə inandılar və çevrəmdə birləşdilər. Biz var- qüvvəmizlə işimizi görməyə başlamışıq”.

Günel Yusifzadə məktəbin keçmiş direktoru Zahid Şöyübov haqqında fikirlərini bildirib.

“Zahid müəllimin direktorluq illərində bu məktəb zirvə dövrünü  yaşayıb. SSRİ səviyyəsində çox nüfuzlu məktəb olub.

SSRİ vaxtında məktəbimizin Ukrayna ilə əlaqələri olub. Təsərrüfat sahəsi çox yüksək inkişaf edib. Zahid Şöyübov nümunə götürə biləcəyimiz bir direktor olub. O, 1965-ci ildən 2005-ci ilə qədər vəzifəsini icra edib.

Zahid Şöyübovdan sonra iki direktor və bir əvəzedici təyin olunub. Onların haqqında isə heç nə deyə bilmərəm.

Məktəbin yetirmələrinə Mingəçevir Dövlət Universitetinin sabiq rektoru Akif Hacıyev, Memarlıq və İnşaat Universitetinin keçmiş rektoru Hikmət Məmmədov, general Sərdar İsrafilov, Bakı şəhər Təhsil şöbəsinin Mətbuat və İnformasiya şöbəsinin müdiri Bəşarət Məmmədov daxildir”.

Qeyd edək ki, adı çəkilən məktəbdə bir kitabxana, bir idman zalı, bir meydança, üç laboratoriya və fənn kabinetləri fəaliyyət göstərir.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları