XƏBƏRLƏR

12.09.2019 12:20
Bölmə iclaslarına start verilib  

Bakı şəhərindəki ümumi təhsil müəssisələrinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, tərbiyə işləri üzrə direktor müavinləri (təşkilatçılar), Azərbaycan dili, riyaziyyat, İngilis dili fənləri üzrə metodbirləşmə sədrləri və psixoloqlar üçün bölmə iclaslarına start verilib.

AzEdu.az xəbər verir ki, Təlimə Dəstək Mərkəzi metodistlərinin moderatorluğu ilə keçirilən iclaslar Bakının 12 inzibati rayonu üzrə təşkil olunacaq.

Bölmə iclaslarının təşkil olunmasında əsas məqsəd təhsil işçilərinin respublika  konfransından irəli gələn məsələləri, həmçinin, ötən tədris ilinin yekunlarını və yeni dərs ilində qarşıda duran vəzifələri müzakirə etmək, təkliflər hazırlamaqdan ibarətdir.

Bölmə iclaslarında 2019-2020-ci dərs ilində Təhsil Nazirliyinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrində və “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” əmri ilə təsdiq olunmuş Fəaliyyət Planında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzrə işlərin daim diqqətdə saxlanılması, məktəb idarəetməsi, perspektiv planların hazırlanması, tədrisin təşkilində müasir metodlardan istifadə edilməsi üçün təşkilati işlərin aparılması, dərslik və proqramlar, fənn kurikulumlarının tətbiqi kimi məsələlərə toxunulur.

Görüşdə qeyd edilən məsələlərlə bağlı müzakirələr aparılır, rəy və təkliflər irəli sürülür.

Qeyd edək ki, bölmə iclaslarında səsləndirilən rəy və təkliflər ümumiləşdirilərək müvafiq tədbirlərin görülməsi üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təqdim olunacaq.

İlin gənc müəllimi-Müraciət formu