Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-23 12:15:39
“Uğur qazanmaq üçün müəllim-şagird birliyi şərtdir”- Bütün məzunları universitətə qəbul olunan məktəbdən REPORTAJ  

Sumqayıt şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagirdləri bu il ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstəriblər. 

Belə məktəblərdən biri də Sumqayıtda yerləşən Qubadlı rayon Hafis Quliyev adına Çaytumas məktəb-liseyidir. Bu məktəbi 2019-cu ildə 34 məzun bitirib və maraqlısı odur ki, həmin məzunların hər biri ali təhsil müəssisələrinə qəbul imtahanlarında uğurlu nəticə əldə edərək universitetə qəbul olunublar.

Məktəb rəhbəri Şamama Həsənova bildirir ki, məktəbin universitetlərə qəbul nəticəsi, artıq bir neçə ildir ki, davamlı olaraq yüksək olur.

Direktorun sözlərinə görə, son illərdə xaricdə təhsil almaq üçün sənəd verib burada qəbul imtahanına qatılmayan və ya ümumiyyətlə imtahanda iştirak etməyən 1-2 nəfər olduğu üçün 100 faiz nəticə əldə edə bilmirdik:

“Bu il məzunlarımız yüksək balla universitetə qəbul olundular. Ən yüksək nəticəni isə 671 bal toplayan  əslən Qubadlıdan olan məzunumuzdur. Ümumilikdə 34 nəfərdən 2-si 600-dən yuxarı, 6 nəfər isə 500-dən yuxarı, yerdə qalanlar isə 300-500 arası bal toplayıblar. Həmin məzunların əksəriyyəti elə Qubadlıdandır, amma digər işğal altında olan rayonlardan da var”.

“Ali təhsil müəssisələrinə qəbul qaydalarındakı dəyişikliklər nəticəyə pis təsir göstərmədi”

“Bildiyimiz kimi, bu il ali məktəblərə qəbul imtahanlarının qaydalarında müəyyən dəyişikliklər oldu. Lakin bu dəyişikliklər bizim nəticəyə pis təsir göstərmədi. Amma bir şeyi qeyd edim ki, bəlkə qəbul qaydalarında dəyişiklik olmasaydı, yəqin ki, məzunlarımızın topladığı ballar daha yüksək olacaqdı.

Bu il ilk idi və nəzərə alaq ki, birinci addım hər zaman çətinliklə başa gəlir. Növbəti illərdə qismət olarsa, daha yüksək nəticələr gözləyirik. Yeni tədris ilində 11-ci siniflərdən 40 nəfər məzunumuz olacaq”,- deyə Şamama Həsənova əlavə edib.

“Sinif olaraq uğurlu olmağımızın səbəbi müəllimlər və şagirdlərimizin daim bir-birinə dəstək olmasıdır"

Bu sözlər sözügedən məktəbin “göz bəbəyi” Aydan İldırımovaya aiddir.

Bu ləqəbi əbəs yerə demədik. Aydan deyir ki, elə ibtidai sinifdən etibarən onların sinfi çalışqan olduğu üçün məktəbin “göz bəbəyi” hesab olunub. Aydan da builki qəbul imtahanlarında məktəb üzrə ən yüksək nəticə göstərən abituriyentdir.

O, Bakı Dövlət Universiteti riyaziyyat müəllimliyi ixtisasına qəbul olunub. Artıq tələbə adını qazanan Aydan qeyd edir ki, yüksək bal toplamaq onun üçün gözlənilməz deyildi, əksinə...

“Çox çalışırdım. Hətta daha yüksək nəticə gözləyirdim.  Elə ibtidai sinifdən bəri çalışqan idik. Məktəbin “göz bəbəyi” hesab olunurduq. Müəllimlər və direktor tərəfindən də həmişə sevilmişik.

Sinif olaraq yüksək nəticə göstərməyimizin əsas səbəbi həm müəllimlər, həm də şagirdlərlə istər dərs müddətində, istərsə də dərsdən kənar bir-birimizə dəstək olmağımızdır. Buna görə də ən aşağı nəticə göstərənlər belə 300-dən çox bal toplayıblar.

Abituriyentlərə qarşılarına məqsəd qoyub, bu məqsəd uğrunda əllərindən gəldiyi qədər çox çalışmağı məsləhət görərdim. Bununla yanaşı, düşünürəm ki, həm də istirahətə vaxt ayırmaq vacibdir. Mən istirahətə lazımi qədər vaxt ayırırdım: dərsdən evə gəlib, yalnız yemək yeyib dincəldikdən sonra dərs oxumağa başlayırdım”.

“Yaxşı nəticə əldə etməyin sirri özünəinamdadır”

Sitarə Niyazova da məktəbdə yüksək bal toplayanlardandır. O, 632 ballıq nəticə göstərərək BDU-nun Riyaziyyat fakültəsinə qəbul olunub. Sitarənin sözlərinə görə, o, yüksək bal toplayacağını gözləmirmiş:

“Baxmayaraq ki, məqsədim 600 balı keçmək idi, amma mən belə yüksək nəticə göstərəcəyimi gözləmirdim. Şükür ki, məqsədimə çatdım. Açığı desəm, istirahətə vaxt ayırsam da, günümün çox hissəsini dərs oxumaqla keçirirdim. Bir də, yuxu rejmimə xüsusi diqqət yetirirdim. Gün ərzində mütləq 8 saat yatırdım.

Məncə, yüksək bal toplamağın əsas sirri fikri ancaq dərsə yönəldib, özünə inanmaqdadır. Bununla yanaşı həm də səbirli olmaq lazımdır”.

“Uğur qazanmaq üçün məqsədli olmaq şərtdir”

592 bal toplayaraq Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olunan Nuriyyə Əhədova oxuduğu kitablardan danışır. Görünür, o, dərslə yanaşı, mütailəyə də olduqca bol vaxt ayırıb:

“Hesab edirəm ki, uğur qazanmaq  üçün əsas olan qarşıya məqsəd qoymaqdır. Dərsi necə oxumalı, necə planlaşdırmalı – bu meyarlara diqqət etmək vacibdir. Bütün fənləri oxuyurdum, lakin zəif olduğumu düşündüyüm fənnin üzərində daha çox çalışırdım.

İstirahətimə də kifayət qədər vaxt ayırırdım. Boş vaxtlarımda ya gəzməyə çıxırdım, ya da kitab oxuyurdum. Ümumiyyətlə mən ədəbiyyatı olduqca çox sevirəm. Əsərləri dərs kimi yox, hobbi olaraq oxuyurdum. Bir müəllifin müəyyən bir əsəri dərsdə tədris edilirdisə, mən mütləq kitabxanaya gedib onun digər əsərlərini tapıb oxuyurdum. Ədəbiyyata qarşı bu sevgini də elə fənn müəllimim yaradıb”.