Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-09 11:39:45
Buraxılışda 0 bal toplayan 9-cu sinif məzunları məktəbdən uzaqlaşdırıla bilər? - MÜBAHİSƏ

Sosial şəbəkələrdəki bəzi müzakirələrdə 9-ci siniflərin buraxılış imtahanlarında çox aşağı nəticə bal (0 və ya 10 bal) göstərən şagirdlərin məktəblərdən uzaqlaşdırılmağına cəhdlər edildiyi iddia olunur. Bəzi valideynlər ittihamları məktəb direktorlarına yönəldir, onları övladlarını 10-cu sinfə buraxmaq istəməməkdə günahlandırırlar.

AzEdu.az-ın məlumatına görə, məsələyə münasibət bildirən təhsil eksperti Ramin Nurəliyev deyib ki, buraxılış imtahanlarında nəticəsi çox zəif olan 9-cu sinif məzunlarının məktəbdən uzaqlaşdırılmasına cəhdlər qanunsuzdur:

“Bu iddia ilə valideynləri incidən məktəb rəhbərliyi tam qanunsuzluq edir. Belə hal baş verərsə, müvafiq qurumlara şikayət oluna bilər”.

Ekspertin sözlərinə görə, heç bir məktəb rəhbərliyinə buraxılış imtahanının nəticəsinə görə şagirdi təhsil müəssisəsindən uzaqlaşdırmaq səlahiyyəti verilməyib.

““Təhsil haqqında” qanunda da şagirdin məktəbdən xaric olunması ilə bağlı heç bir maddə yoxdur”, - R.Nurəliyev deyib.

Təhsil ekspertinin buraxılış imtahanlarında 0 nəticə göstərən və çox aşağı bal toplayan şagirdlərlə bağlı müdafiə xarakterli açıqlaması bəzi müəllimlərin etirazına səbəb olub.

Müzakirələrdə iştirak edən müəllimlər bildiriblər ki, 9 il məktəbə boşuna gələn şagirdin daha 2 il də davam etməsi ancaq lüzumsuz başağrısına səbəb olur:

“Savadı olmayan həmin uşaqlar gözəl qabiliyyət yiyəsi ola bilərlər. Onlar 2 ilini boşa verib məktəbdə gün keçirməkdənsə, hansısa peşə və ya sənət öyrənə bilərlər. Məktəbin də işi yüngül olar. Guya 9 il bilik əldə etməyən şagird 2 ildə nə edəcək?”, -deyə müzakirə iştirakçılarından biri valideynlərə çağırış edib.

Müzakirələrdə iddia olunub ki, 10-cu sinfə keçməyə cəhd edən belə uşaqlar yaxşı oxuyanlara da mane olur, dərsləri pozur, müəllimləri bezdirir – bir sözlə, 10-11-ci siniflərə “vaxt öldürməyə” gəlirlər.

Müzakirələrə qoşulanların əksəriyyəti təklif edib ki, bu cür şagirdlər 9-cu sinifdən sonra peşə məktəblərinə yönləndirilsə, daha yaxşı olar.