“Laqeydliyə, ərənbürə, nifrətə, qəzəbə və nəhayət, cəhalətə ən yaxşı cavab, əlbəttə ki, elm və təhsildir”.
AzEdu.az xəbər verir ki, bu sözləri Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli Professor Ziya Səlcuqdan ustad dərsi və “Qırx dəfə demişəm” kitabının təqdimat mərasimində çıxışı zamanı qeyd edib.
Mətin Kərimli çıxışında əvvəlcə elm və təhsili cəmiyyətə, ailələrə və övladlara çatdıran müəllimləri salamlayıb.
O, tədbirdə iki mühüm hadisənin bir araya gəldiyini bildirib.
Bunlardan birinin görkəmli pedaqoq Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabının Azərbaycan dilinə tərcümə olunmuş nəşrinin təqdimatı, digərinin isə müəllifin “Sürətdən dərinliyə: özünə qayıdış” mövzusunda ustad dərsi olduğunu diqqətə çatdırıb.
“İş gününün sonunda öyrənməyə həvəsli bu qədər insanı bir zalda görmək həqiqətən də sevindiricidir. Bu, həm burada toplaşan insanların qonağımıza olan hörmətinin, həm də mövzuya marağının göstəricisidir”, – deyə Mətin Kərimli vurğulayıb.
Aparat rəhbəri təhsilin yalnız məktəblə məhdudlaşmadığını qeyd edərək, onun maariflənən cəmiyyət, öyrənən ailə və inkişaf edən valideyn anlayışlarını da əhatə etdiyini bildirib.
O, hər bir uşağın öyrənməyə münasibətinin, özünə inamının, davranışlarının və sosial bacarıqlarının məktəb, ailə və cəmiyyətin birgə təsiri ilə formalaşdığını diqqətə çatdırıb.
Mətin Kərimlinin sözlərinə görə, öyrənənlər və öyrədənlər arasında sağlam ünsiyyət müasir təhsil sisteminin əsas dayaqlarından biridir. Bu baxımdan, təqdim olunan kitab və ustad dərsinin həm valideynlər, həm də təhsil işçiləri üçün xüsusi əhəmiyyəti var.