Azedu.az

“Birinci sinif şagirdi professordan üstündür”- Qulu Məhərrəmli fikrə DƏSTƏK VERDİ

AzEdu Təhsil Platforması

6 Oktyabr 2026, 10:13
“Birinci sinif şagirdi professordan üstündür”- Qulu Məhərrəmli fikrə DƏSTƏK VERDİ

Ötən günlərdə sabiq maliyyə naziri, professor Saleh Məmmədovla müsahibə zamanı bildirdi ki, süni intellektdən mahir istifadə edə bilən birinci sinif şagirdi kompüterə daxil ola bilməyən bir professordan xeyli üstünlüyə malikdir.

Maraqlıdır, müasir dövrdə texnoloji savadlılıq akademik təcrübəni üstələyir, yoxsa burada əsas məsələ texnologiyanın doğru tətbiqidir?

AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən jurnalist, televiziya tənqidçisi, publisist, filologiya elmləri doktoru, BDU-nun professoru Qulu Məhərrəmli qeyd edib ki, bəzi müəllimlər müəyyən dövrdən sonra sanki yorulmuş kimi görünür və meydandan geri çəkilirlər:

“Hesab edirəm ki, Saleh müəllimin həmin müsahibəsi çox ciddi problemlərə toxunurdu. İndi baxışlar fərqli ola bilər; kimsə orada bir dərinlik, kimsə aktuallıq görür, kimsə də bunu ümumi söz yığını kimi dəyərləndirir. Bu, fərdi yanaşmadır və buna təbii baxıram.

Saleh müəllimin də işlətdiyi həmin məşhur ifadədə deyildiyi kimi, süni intellektdən istifadə edən birinci sinif şagirdi kompüterə daxil ola bilməyən professordan xeyli üstünlüyə malikdir. Bunu çox hərfi mənada qəbul etmək olmaz, amma fikir aydındır. Yəni müasir elm adamı, tədqiqatçı, müəllim, xüsusən də bilik verən, auditoriyaya daxil olan insanlar kompüter bacarıqlarına yiyələnməli və ondan faydalanmağı bacarmalıdır. Telefon, yaxud yeni texnoloji sistemi özündə birləşdirən kompüter - bunların hamısı müəyyən mənada bizə yeni biliklər gətirir. Buna görə də bu sahədə bilik və bacarıqlarımız olmalıdır.

Təəssüf ki, bizdə bəzi müəllimlər müəyyən dövrdən sonra sanki yorulmuş kimi görünür və meydandan geri çəkilirlər. Kompüteri və digər texnologiyaları sözdə desələr də, mahiyyətcə o sistemə bağlı olmur, maraq və həvəs göstərmirlər. Saleh müəllim də həmin adamları nəzərdə tutur ki, əgər insan intensiv tədrislə məşğuldursa, müəllimin mütləq texnoloji bacarıqları olmalı, datalardan istifadə etməyi və süni intellektlə işləməyi bacarmalıdır. Bunun üçün də, təbii ki, müəyyən elementar kompüter bilik və bacarıqları vacibdir.

O mənada, bəli, mən onunla şərikəm ki, internetə girən, internetlə işləyən, süni intellektlə ünsiyyətdə olan və kompüter bacarıqlarına yiyələnən orta məktəb şagirdi həmin o donuq, texnologiyaya həvəsi olmayan və öz ixtisas biliyini təkmilləşdirməyən professordan müəyyən mənada üstündür”.

TƏCİLİ! Türkiyə hərəkətə keçdi - Ordusu müharibəyə girir
Son xəbərlərDaha çox