“Biz 40 dəfə deyirik, bəs neçə dəfə dinləyirik?”.
AzEdu.az xəbər verir ki, bu sözləri Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli Professor Ziya Səlcuqdan ustad dərsi və “Qırx dəfə demişəm” kitabının təqdimat mərasimində çıxışı zamanı qeyd edib.
Mətin Kərimli bildirib ki, kitabı oxuyarkən həm öz uşaqlığımızı, həm də yetkinlik dövrümüzü xatırlayırıq:
“Biz bu kitabda özümüzü gördük. Biz bu kitabda həm uşaqlığımızı görürük, həm də öz yetkin çağlarımızı. Kitabda yazılanlar bir çox hallarda həm uşaqlığımızı, həm də bugünkü yetkin həyatımızı əks etdirir”.
O qeyd edib ki, uşaqlıqda valideyn və müəllimlərdən tez-tez “Sənə 40 dəfə demişəm” ifadəsini eşitsək də, illər keçdikcə həmin ifadəni özümüz uşaqlara deməyə başlayırıq.
“İllər keçib, biz böyümüşük, yetkin və təcrübəli insanlar olmuşuq, amma davranış və ünsiyyət qəliblərimiz eyni olaraq qalır, dəyişən yalnız rollardır. İndi biz uşaqlara deyirik: “40 dəfə demişəm””.
Mətin Kərimli diqqətə çatdırıb ki, burada əsas məsələ yalnız neçə dəfə danışmağımız deyil, uşaqları nə qədər və necə dinləməyimizdir:
“Bəli, biz 40 dəfə deyirik. Bəs neçə dəfə dinləyirik və necə dinləyirik? Biz 40 dəfə deyirik, bəs hansı dildə deyirik? Üslubumuzu və sözlərimizi uşaqların yaşına və ehtiyaclarına uyğunlaşdırırıqmı? Bəzən 5 yaşlıya dediyimizi 15 yaşlıya da eyni formada deməyə davam edirik”.
Aparat rəhbəri uşaqların yalnız deyilənləri dinləmədiyini, eyni zamanda böyüklərin davranışlarını müşahidə etdiyini diqqətə çatdırıb.
“Biz uşağa deyirik: “Sakit danış”, amma özümüz əsəbləşəndə uca səslə danışırıq. Biz uşağımıza deyirik: “Kitab oxu”, amma onlar görürlər ki, biz bütün günü telefonla nəyəsə baxırıq, məşğul oluruq.
Sonra da deyirik ki: “Bax, sənə 40 dəfə demişdim””, - deyə o qeyd edib.
Mətin Kərimli vurğulayıb ki, valideynlik də davamlı öyrənmə tələb edən bir prosesdir.
“Bütün bunlar göstərir ki, yalnız pedaqoqlar deyil, biz valideynlər də daim öyrənməliyik. Çünki ilk dəfə övlad sahibi olanda heç kimə valideynlik diplomu verilmir. Biz uşaqlarla birlikdə böyüyürük”, - deyə Aparat rəhbəri bildirib.
O əlavə edib ki, təqdim olunan kitab valideyn-uşaq, müəllim-şagird münasibətlərində yaranan kommunikasiya maneələrini və psixoloji dinamikanı sadə, lakin elmi yanaşmalarla təhlil edir.