Azedu.az

Bağçada süni intellekt: Uşaqlar buna HAZIRDIRMI?

Məktəbə qəbul

6 Oktyabr 2026, 12:36
Bağçada süni intellekt: Uşaqlar buna HAZIRDIRMI?

Ötən günlərdə sabiq maliyyə naziri, professor Saleh Məmmədov süni intellekt savadlılığının məktəblərdə birinci sinifdən, ilkin anlayışların isə hətta məktəbəqədər dövrdən tədris edilməsini təklif edib.

Onun sözlərinə görə, bağçada süni intellekt anlayışlarının öyrədilməsi uşaqları ekran qarşısında oturtmaq deyil, oyunlar vasitəsilə ardıcıllıq qurmaq, əşyaları xüsusiyyətlərinə görə qruplaşdırmaq və insanla maşın arasındakı fərqi anlamaq kimi bacarıqları inkişaf etdirməkdir.

Maraqlıdır, belə bir təklifin Azərbaycanda reallaşdırılması nə dərəcədə realdır və məktəbəqədər yaşda uşaqlara süni intellekt anlayışlarının öyrədilməsi hansı formada həyata keçirilə bilər?

AzEdu.az-a mövzu ilə bağlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Xalidə Həmidova qeyd edib ki, valideynlər hələ də humanizm və düzgün tərbiyə arasındakı o bağı qura bilməyiblər:

"Əslində, bu, yanaşma olaraq çox doğru bir qərardır. Mən digər çıxışlarımda və söhbətlərimdə də həmişə deyirəm ki, istənilən halda biz bütün elektron resurslarımızdan düzgün istifadə qaydasını, yəni elektron resurslardan istifadə mədəniyyətini formalaşdırsaq, bu mədəniyyətin özü bizə çox şey qazandıracaq.

Təəssüf eləyirəm ki, bizdə böyük problemlər var. Valideynlər hələ də humanizm və düzgün tərbiyə arasındakı o bağı qura bilməyiblər, yəni onu düzgün formalaşdırmırlar və sistemləşdirmirlər. "Uşağın əlindən nəyisə almaq olmaz", "Uşağa nəsə demək olmaz" kimi məsələlərin üzərindən gedəndə, biz, nəhayətində, uşaqlar müəyyən yaşa çatandan sonra görürük ki, onlarda hansısa pis vərdişlərin formalaşmasına gəlib çıxmışıq. Məsələn, uşaq telefonla oynayırsa, uşağın əlindən telefonu almaq olmaz, saatlarla televizora baxırsa və yaxud uşaq yemək yeyərkən belə hər hansı bir oyun oynayırsa və ya hər hansı elektron prosesdədirsə, bunun qarşısını almağı heç bir şəkildə fikirləşmirlər, qaydalar qoymağı düşünmürlər.

Bəli, çox doğru vurğulanır ki, bu, inkişaf deməkdir və uşaqlarda çox kiçik yaşlardan bu mədəniyyət formalaşmalıdır. Biz bunu sadəcə "istifadə qaydaları" kimi yox, bu prosesi düzgün və mədəni şəkildə istifadə yollarını uşaqlara tərbiyə edirik. Çünki bilirik ki, 6 yaşına qədər uşaqların həyati bacarıqlarının 70%-i formalaşır. Yəni uşaqların sosial, kommunikasiya, ictimai və emosional proseslərinin hamısı bu yaşda formalaşır. Bitməsə də, ilkin formalaşması konkret olaraq bu yaşda gedir və bu, davamlı şəkildə inkişaf edir".

Uşaqlar həqiqətən bu gün telefona və ya digər elektron resurslara çox bağlıdır:

"Əgər bağçalarda, məktəblərdə və ya evdə valideynlər tərəfindən uşaqlarda bu mədəniyyət formalaşdırılmayıbsa, bunu qaydaya salıb düzgün istifadə formatını verməyiblərsə, artıq o uşaqlarda nizamsız istifadə halları yarana bilər. Çünki uşaqlar həqiqətən bu gün telefona və ya digər elektron resurslara çox bağlıdır. Oynadığı oyunların nəticəsi çox ağır olur və bundan da istifadə eləyən bədniyyətli insanlar var ki, uşaqları müxtəlif intiharlara sürükləyir, müxtəlif pis əməliyyatları yerinə yetirməyə vadar eləyir.

Ona görə də mən düşünürəm ki, insanlarda bu mədəniyyət və tərbiyə formalaşmalıdır. Uşaq elektron resurslardan istifadə eləyəndə düzgün seçim etməyi bacarmalıdır. Sİ resurslarından düzgün istifadə qaydaları formalaşmalıdır, seçim eləməyi bacarmalıdır, təhlillər apararaq özünə lazım olanı seçməyi bacarmalıdır. Əlbəttə ki, bu prosesin maarifləndirməsi işi ilkin şəkildə valideynlər üçün getməlidir, daha sonra məktəb müəllimləri və bağça müəllimləri bununla bağlı yetərincə məlumat almalıdırlar ki, bu mədəniyyəti necə formalaşdırsınlar.

Əgər insanlar bunu düzgün təlqin eləyə bilsələr, əlbəttə ki, çox faydalı, çox uğurlu və yaxşı nəticələr əldə edəcəklər. Çünki dünya bunun üzərində inkişaf eləyir. İnkişaf artıq bunun üzərindədir və biz də dünyadan geri qalmamaq üçün bütün dünyayla, yəni bu əsrin tələblərinə uyğun əməliyyat aparmalıyıq, uşaqlarımızı inkişaf elətdirməliyik, əgər istəyiriksə ki, biz də dünyayla ayaqlaşa bilək. Bu da, əlbəttə ki, çox kiçik yaşlardan bu mədəniyyətin formalaşmasından başlayır".

Bizim bağçalarımızda ümumiyyətlə elektron resurslar yoxdur:

"Biz, əslində, məktəbəqədər yaş dövrü uşaqların daha çox elektron resurslardan uzaq tutulmasına bağça sferasında çalışırıq. Ancaq bunun daha faydalı formada, işin gedişatında daha uğurlu bir nəticə verəcəksə, biz burada, əlbəttə ki, bundan istifadə eləyirik. Ancaq evdə, valideynlərin yanında uşaqların yetərincə bu şüaya məruz qalmasını nəzərə alaraq, hələ ki, bu dövrdə biz bağçalarda elektron resursların azlığının və ya olmamasının tərəfdarıyıq. Ancaq bu prosesin evlərdə düzgün istifadəsi, əlbəttə ki, doğru bir yanaşmadır.

Sadəcə təəssüf eləyirik ki, bizim bağçalarımızda ümumiyyətlə elektron resurslar yoxdur, varsa belə, onlar heç də müasir tələblərə cavab vermir və bunun olmasındansa olmaması daha məqsədəuyğundur. Həqiqətən, əgər müasir tələblərə uyğun inkişaf etmiş və uşaqlara daha az ziyanlı olacaq resurslar olarsa, əlbəttə ki, onların bağçalarda olmasının tərəfdarıyam".

TƏCİLİ! Türkiyə hərəkətə keçdi - Ordusu müharibəyə girir
Son xəbərlərDaha çox