Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə direktor, direktor müavini və müəllim vəzifələrinə işə qəbul imtahanı avqustun 8-də keçiriləcək.
AzEdu.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bildirilib ki, imtahan iki növbədə – saat 10:00 və 16:00-da təşkil olunacaq. Müvafiq olaraq saat 09:45 və 15:45-dən sonra imtahan binasına gələn namizədlər imtahana buraxılmayacaqlar. İştirakçılar buraxılış vərəqəsində göstərilən vaxtda imtahan binasında olmalıdırlar.
Qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytından **"İmtahana buraxılış vərəqəsi"**ni çap edə bilərlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi tarix, yer, bina, zal, başlanma vaxtı və namizədin imtahan binasına gəlmə vaxtı barədə məlumatlar əks olunub. Namizədlər, həmçinin DİM-in saytında yerləşdirilən "Yaddaş kitabçası" ilə də tanış ola bilərlər.
Namizədlər imtahana aşağıdakı sənədləri təqdim etməlidirlər:
şəxsiyyəti təsdiq edən sənədin əsli;
"İmtahana buraxılış vərəqəsi".
DİM-in məlumatına görə, direktor və direktor müavinlərinin işə qəbulu imtahanı 3 saat, müəllimlərin işə qəbulu imtahanı isə 2 saat davam edəcək.
Direktor və direktor müavinlərinin işə qəbulu imtahanında namizədlərin fəaliyyət istiqaməti üzrə normativ hüquqi aktlar, pedaqogika və pedaqoji psixologiya, məntiqi təfəkkür və ümumi dünyagörüşü səviyyəsi qiymətləndiriləcək. Namizədlərə normativ hüquqi aktlar üzrə 50, pedaqogika və pedaqoji psixologiya üzrə 15, məntiqi təfəkkür üzrə 15, ümumi dünyagörüşü üzrə isə 20 qapalı tipli test tapşırığı təqdim olunacaq. Ümumilikdə imtahan 100 test tapşırığından ibarət olacaq.
Müəllimlərin işə qəbulu imtahanında isə namizədlərin "Musiqi", "Təsviri sənət" və "Xoreoqrafiya" istiqamətləri üzrə ixtisas bilikləri, həmçinin pedaqogika və pedaqoji psixologiya, məntiqi təfəkkür və ümumi dünyagörüşü yoxlanılacaq. Musiqi istiqaməti üzrə ixtisas sualları namizədlərin ixtisasına uyğun olaraq "Milli musiqi" və "Klassik musiqi" bölmələri üzrə təqdim ediləcək.
Bu imtahanda ixtisas bilikləri üzrə 40, pedaqogika və pedaqoji psixologiya üzrə 10, məntiqi təfəkkür üzrə 10, ümumi dünyagörüşü üzrə 10 olmaqla, ümumilikdə 70 qapalı tipli test tapşırığı veriləcək.
Hər düzgün cavab 1 balla qiymətləndiriləcək. Səhv cavablar ümumi nəticəyə təsir göstərməyəcək.
İmtahan Bakıda DİM-in Elektron İmtahanlar Korpusunda, Naxçıvanda isə 4 nömrəli tam orta məktəbdə kompüter vasitəsilə keçiriləcək.
İmtahanda iştirak etmək üçün 1350 namizəd qeydiyyatdan keçib. Onlardan 121 nəfər direktor və direktor müavini, 1229 nəfər isə müəllim vəzifəsinə iddia edir.
İmtahanın təşkili üçün 15 zal administratoru, 89 nəzarətçi-müəllim və 14 buraxılış rejimi əməkdaşı cəlb olunub.
DİM bildirib ki, imtahanda 5 nəfər görmə məhdudiyyətli namizəd də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün zallarda müvafiq şərait yaradılıb, tapşırıqların oxunması, cavab kartlarının doldurulması və digər zəruri işlər üçün fərdi nəzarətçilər təyin olunub.