Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-11 12:29:30
Ağdaşda məktəbdən oğurluq edildi

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı rayon ərazisində baş vermiş bir neçə oğurluq cinayətinin üstü açılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan AzEdu.az verilən məlumata görə, şəhəri ərazisində yerləşən məktəblərin birindən ümumi dəyəri 12 min manata yaxın olan 15 ədəd kompüterin və proyektorun oğurlanması barədə rayon polis şöbəsinə məlumat daxil olub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxsin yetkinlik yaşına çatmayan rayon sakini olduğu müəyyən edilib və oğurladığı kompüterlər ondan maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.


Keçirilən digər əməliyyat zamanı isə rayonun Şıxlı kəndində MMC-lərdən birinin balansında olan 5 tonluq metal dayağı oğurlayan Elçin Güləliyev saxlanılıb. Araşdırma zamanı onun həmin metal dayağı hissə-hissə doğrayaraq ərazidən daşıdığı və Yevlax rayonu ərazisində yerləşən metal qəbulu məntəqəsinə satdığı məlum olub.

 

Rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə şəhər ərazisində yerləşən parkdakı atraksionun generatorunu və kabelini oğurlayan iki yeniyetmə saxlanılıb. Onlar ifadələrində əməllərini etiraf ediblər və oğurladıqlarını ayrı-ayrı şəxslərə satdıqlarını bildiriblər. Polis əməkdaşları tərəfindən həmin şəxslər də müəyyən olunub və oğurlanmış əşyalar onlardan maddi sübut kimi götürülüb.

 

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılanların ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.