http://www.position.az/ https://www.zirve.edu.az/
2022-05-24 15:00:00
Paytaxt məktəbində xeyriyyə tamaşası nümayiş olunub

Paytaxt məktəbində Mirzə Fətəli Axundzadənin 210 illik yubileyi və “Şuşa İli” ilə əlaqədar xeyriyyə tamaşası nümayiş olunub.

 

AzEdu.az xəbər verir ki, tamaşada Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, şəhid anaları, qazilər, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova,  YUNİSEF-in əməkdaşı Məsmə Xeyrullayeva, müəllimlər və şagirdlər iştirak ediblər.

 

M.F.Axundzadənin "Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah"  komediyası  əsasında hazırlanan xeyriyyə tamaşası Bakı şəhəri 18 nömrəli tam orta məktəbin şagirdləri və həmin məktəbdə pedaqoji təcrübə keçən Bakı Slavyan Universitetinin tələbələrinin iştirakı ilə təşkil olunub.

 

Çıxış edən BŞTİ müdiri Mehriban Vəliyeva gənclərin incəsənətə marağının daha da artırılması, onların ölkənin mədəni həyatında fəal iştirakının təşviq edilməsi, milli mədəniyyətimizə sahib çıxacaq gənclərin formalaşdırılması baxımından bu cür təşəbbüsləri təqdirəlayiq hal kimi qiymətləndirib.

 

M.Vəliyeva Azərbaycan mədəniyyətində, ədəbiyyatında, elmində, ictimai fikrində rol oynayan M.F.Axundzadənin milli mədəniyyətimizə böyük töhfələr verdiyini diqqətə çatdırıb. 

 

Çıxış edənlər Azərbaycan ictimai fikir tarixinin çox uca zirvəsində dayanan M.F.Axundzadə kimi böyük mütəfəkkirin əsərinin şagirdlər və tələbələrin iştirakı ilə səhnələşdirilməsini yüksək qiymətləndiriblər.

 

Qeyd edək ki, tamaşadan əldə olunan vəsait "YAŞAT" Fonduna köçürüləcək.