Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-14 13:30:00
210 nömrəli məktəbin girişlərindən birinin bağlanması haqda yayılan xəbərlər həqiqətə uyğun deyil-Direktordan açıqlama

“Bəzi sosial şəbəkə səhifələrində paytaxtdakı 210 nömrəli tam orta məktəbin həyətinə girişlərdən birinin bağlanması ilə bağlı yayılmış məlumatlar birtərəfli qaydada təqdim olunduğu üçün həqiqəti əks etdirmir”.

Bunu AzEdu.az-a açıqlamasında məktəbin direktoru Həqiqət Gülalıyeva bildirib. O, məktəb  girişinin bağlanması ilə bağlı məsələni ətraflı açıqladı:

 

“Məktəbin pedaqoji kollektivi və valideynlərin birgə rəyi əsasında məktəbin arxa tərəfdən həyətə giriş qapısının bağlanmasında məqsəd şagirdlərin daha təhlükəsiz şəraitdə təhsil almalarını, eyni zamanda, məktəb mühitinə mənfi təsir göstərməyə yönəlmiş kənar təsirlərin məhdudlaşdırılmasını təmin etməkdən ibarətdir. Belə ki, həmin qapıdan şagirdlərdən daha çox kənar şəxslər keçid kimi istifadə edirdi. Məktəbin həyətindən keçən şəxslər şagirdlərin gözü qarşısında siqaret çəkir, yığışaraq söhbət edir, uyğun olmayan müzakirələrə tənəffüs zamanı şagirdləri cəlb edir, səs-küy yaradaraq və nalayiq ifadələrlə tədris prosesinə mane olurdular. Digər bir sıra vətəndaşlar isə məktəbin həyətindən park kimi istifadə edir, heyvanlarını gəzdirir, oturacaqlarda oturub tum çırtlayır, ətrafı zibilləyirdilər. Bütün bunlar isə dərs prosesinin pozulmasına, müəllim və şagirdlərin fikrinin yayınmasına səbəb olurdu. Həmin şəxslərə məktəbin işçiləri tərəfindən irad tutulanda isə bəzən kobud şəkildə təhqirlə cavab verir, məktəbdaxili qaydalara açıq hörmətsizlik nümayiş etdirirdilər.

Bir daha qeyd etmək istərdim ki, pedaqoji heyət və valideynlərin birgə rəyi əsasında məktəb həyətinə arxa tərəfdən giriş qapısının bağlanması tədris prosesinin normal təşkilinə və məktəbdaxili nizam-intizam qaydalarının təmin olunmasına imkan yaradır. Bu təşəbbüs məktəbdə təhsil alan şagirdlərin mütləq əksəriyyətinin valideynləri tərəfindən razılıqla qarşılanır. İnanıram ki, ilkin subyektiv yanaşma əsasında təhsilalanların ümumi mənafeyinə xidmət edən bu təşəbbüsü müzakirəyə çıxaran şəxslər də öz övladlarının daha əlverişli təhsil mühiti naminə ortaq optimal mövqeyə gələcəklər. Çünki şagirdlərin təhlükəsizliyi və onlar üçün əlverişli təhsil mühitinin etibarlı təminatı pedaqoji kollektivlə yanaşı, eyni zamanda valideynlərin marağında olan ən ümdə məsələlərdən biridir.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları