Azedu.az

Füzulidə yenilənmiş məktəb istifadəyə verildi

Orta təhsil

12 İyun 2026, 12:45
Füzulidə yenilənmiş məktəb istifadəyə verildi

İşğaldan azad olunmuş Füzulidə yeni akt zalı və əsaslı təmir olunan məktəb binası istifadəyə verilib.

AzEdu.az xəbər verir ki, Xəzər Universiteti Dünya Məktəbinin təşəbbüsü və maliyyə dəstəyi ilə yenidən qurulan Füzuli rayonu Qarabağ kənd tam orta məktəbində genişmiqyaslı yeniliklərdən sonra açılış mərasimi keçirilib.

Layihə çərçivəsində Qarabağ kənd tam orta məktəbi üçün müasir standartlara cavab verən yeni akt zalı tikilib, sinif otaqları yenidən qurulub. Bundan əlavə, məktəbin ətrafındakı asfalt örtüyü və digər zəruri infrastruktur elementləri yenilənərək şagird və müəllim heyətinin istifadəsinə verilib.

2026-cı il iyunun 8-də keçirilən rəsmi açılış mərasimində Dünya Məktəbinin rəhbəri Aygün İsayevanın başçılıq etdiyi nümayəndə heyəti ilə yanaşı, Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, Füzuli Rayon Təhsil Sektorunun müdiri Ramella Məmmədova, Almaniyanın Berlin Azad Universitetinin (Freie Universität Berlin) doktorantı Nərmin Musayeva, şəhid ailələrinin üzvləri, kənd ziyalıları, yerli məktəbin kollektivi və digər qonaqlar iştirak ediblər.

Tədbirdən əvvəl qonaqlar Qarabağ kənd sakini, döyüşçü-fotoqraf Nurəhməd Vəliyevin I və II Qarabağ müharibələrinə həsr olunmuş fərdi fotosərgisi ilə tanış olublar. Eyni zamanda, məktəblilərin öz əlləri ilə hazırladıqları yaradıcılıq nümunələrindən ibarət sərgi də böyük maraqla qarşılanıb.

Yeni akt zalında keçirilən rəsmi hissə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Əlihüseyn Yaqubov qonaqları salamlayaraq, məktəb kollektivi adından görülən işlərə görə təşəkkürünü bildirib.

Çıxış edən Füzuli Rayon Təhsil Sektorunun müdiri Ramella Məmmədova, Füzuli Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Ülkər Bayramlı, Avropa ölkələrində “Erasmus+” təlimçisi kimi fəaliyyət göstərən Sakit Abdullayev və şəhid atası Qulu Quliyev işğaldan azad edilmiş ərazilərdə dövlət tərəfindən həyata keçirilən geniş quruculuq işlərindən və təhsilə göstərilən diqqətdən bəhs ediblər. Çıxışçılar Dünya Məktəbinin bu təşəbbüsünü dövlət-özəl tərəfdaşlığının uğurlu nümunəsi və ölkənin ümumi təhsil siyasətinə dəyərli töhfə kimi qiymətləndiriblər.

Dünya Məktəbinin rəhbəri Aygün İsayeva isə göstərilən səmimi qonaqpərvərliyə görə təşəkkürünü bildirərək, Qarabağ kənd tam orta məktəbində belə bir layihənin həyata keçirilməsindən qürur duyduqlarını və bu regional təhsil ocağına dəstəyin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.

Mərasimin bədii hissəsində Qarabağ kənd tam orta məktəbinin şagirdləri hazırladıqları xüsusi proqramla çıxış ediblər. Məktəblilərin ifasında təqdim olunan milli rəqslər, gimnastika nömrələri və maraqlı səhnəciklər qonaqlar tərəfindən alqışlarla qarşılanıb.

Xəzər Universiteti Dünya Məktəbi qurulmuş sıx əməkdaşlıq çərçivəsində artıq üç ilə yaxındır ki, Füzuli rayonu Qarabağ kənd tam orta məktəbinin inkişafına öz töhfəsini verməyə davam edir. Ötən müddət ərzində tərəflər arasında qarşılıqlı təcrübə mübadiləsi məqsədilə çoxsaylı səfərlər təşkil olunub, səmərəli görüşlər keçirilib.

Məktəbin direktoru "İlin gənc müəllimi" müsabiqəsinin qalibi Əlihüseyn Yaqubovdur.

Rus ordusu dəhşətli itkilər verdi - Ukrayna bu yerləri azad etdi
Son xəbərlərDaha çox