Azedu.az

Yuxunu daha sağlam etməyi hədəfləyən layihə - şagirdin ideyası Türkiyədə xüsusi mükafat QAZANDI

Maraqlı

2 İyul 2026, 10:14
Yuxunu daha sağlam etməyi hədəfləyən layihə - şagirdin ideyası Türkiyədə xüsusi mükafat QAZANDI

Bakı Şəhəri üzrə Təhsil İdarəsiAzEdu Təhsil Portalının əməkdaşlığı çərçivəsində həyata keçirilən “Məktəbli startapçılar” layihəsi davam edir.

AzEdu.az xəbər verir ki, layihənin əsas məqsədi paytaxt məktəblərində təhsil alan istedadlı və təşəbbüskar şagirdlərin innovativ ideyalarını ictimaiyyətə təqdim etmək, onların startap fəaliyyətlərini işıqlandırmaq və gənclər arasında sahibkarlıq düşüncəsini təşviq etməkdir.

Layihə çərçivəsində şagirdlər öz ideyalarını, hazırladıqları startap layihələrini və gələcək planlarını geniş auditoriya ilə bölüşmək imkanı əldə edirlər.

Layihənin növbəti iştirakçısı 247 nömrəli tam orta məktəbin şagirdi Murad İmamquludur.

10-cu sinfə keçən Murad birinci ixtisas qrupu üzrə hazırlaşır. O, gələcəkdə informasiya texnologiyaları (İT) sahəsində təhsil almağı və xaricdə ali təhsilini davam etdirməyi hədəfləyir.

Onun sözlərinə görə, hazırda həm Azərbaycan universitetlərinə, həm də xaricdə təhsil üçün tələb olunan imtahanlara paralel şəkildə hazırlaşır:

“Planlarım arasında xaricdə imtahan verərək təhsilimi orada davam etdirmək var. Əgər xaricdə istədiyim nəticəni əldə edə bilməsəm, təhsilimi Azərbaycanda birinci ixtisas qrupu üzrə davam etdirəcəyəm".

M.İmamqulu bildirib ki, hazırda yeni layihə və ya startap üzərində çalışmır. Bunun əsas səbəbi isə bütün diqqətini universitetə qəbul hazırlıqlarına ayırmasıdır.

Yeni layihə üzərində çalışmasa da, Murad bu ilin əvvəlində iştirak etdiyi yarışlar çərçivəsində hazırladığı startaplarla uğur qazanıb.

Müsahib bildirib ki, bu ilin əvvəlində SAF Beynəlxalq STEAM Azərbaycan Festivalı çərçivəsində komanda yoldaşı ilə birlikdə hazırladığı “Bağbanın dostu” adlı layihə onun ən maraqlı işlərindən biri olub.

Onun sözlərinə görə, "Bağbanın dostu" layihəsinin ideya müəllifi özü olub.

"Hazırladığımız robot böyük kənd təsərrüfatı sahələrini gəzərək sensorlar vasitəsilə bitkilərin vəziyyətini yoxlayır, xəritələşdirir və əldə olunan məlumatları mobil tətbiqə ötürürdü.

Sistem bitkilərdə ləkə, çürümə və ya digər problemləri aşkar etdiyi halda istifadəçini dərhal məlumatlandırırdı. Layihə müsabiqənin ikinci mərhələsinə qədər yüksəlsə də, sonradan davam etdirmədik".

Şagird məktəbdənkənar iştirak etdiyi daha bir uğurlu layihədən də danışıb.

"4-5 nəfərlik komanda ilə “Robotex” yarışmasının “Mavi Startap” kateqoriyasında iştirak edərək “Ağıllı ev sistemi” layihəsini hazırladıq.

Layihənin əsas məqsədi insanların, xüsusilə də körpələrin daha rahat və sağlam yuxu almasına kömək etmək olub. Bunun üçün proqramlaşdırılmış işıqlandırma sistemi gün batdıqdan sonra hər yarım saatdan bir işığın parlaqlığını tədricən azaldır və bununla da melatonin hormonunun ifrazını stimullaşdırırdı.

Bu layihə ilə komandamız əvvəlcə “Robotex”in Azərbaycan mərhələsində birinci yerə layiq görülüb. Daha sonra Türkiyədə keçirilən beynəlxalq mərhələdə münsiflər heyətinin xüsusi mükafatını qazanıb".

Murad İmamqulu qeyd edib ki, eyni zamanda proqramlaşdırma və fənn müsabiqələrində də özünü sınayıb.

TƏCİLİ! Ukrayna Rusiyaya ağır zərbələr endirdi - Yaralılar var
Son xəbərlərDaha çox