Azedu.az

Dərsliklərdə islahatlar: "Müəllimlər yenilikləri süngü ilə qarşılayırlar"

Orta təhsil

24 İyun 2026, 14:30
Dərsliklərdə islahatlar: "Müəllimlər yenilikləri süngü ilə qarşılayırlar"

Elm və təhsil naziri son müsahibəsində məktəb dərsliklərinin məzmunu ilə bağlı müzakirələrin yetərli olmadığını bildirib. Nazir qeyd edib ki, dərsliklərdə əsas problem təkcə texniki və ya redaktə səhvləri deyil, məzmun məsələsidir.

Onun sözlərinə görə, bəzi mövzuların dərsliklərdə ümumiyyətlə yer almaması, bəzi mövzuların isə artıq olması ciddi problem yaradır. Nazir həmçinin dərsliklərdə gələcək nəsillərin ehtiyacları, müasir elmi nailiyyətlər və tədris yükünün həcmi ilə bağlı daha geniş ictimai müzakirələrə ehtiyac olduğunu vurğulayıb.

Bəs, hazırkı məktəb dərsliklərinin məzmunu şagirdlərin müasir dövrdə ehtiyac duyduğu bilik və bacarıqların formalaşdırılmasına nə dərəcədə xidmət edir?  

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən naşir və dərslik müəllifi Rafiq İsmayılov bildirib ki, müəllimlərin çox az bir qismi yeni yanaşmanı mənimsəməyə cəhd edir, əksəriyyət onu süngü ilə qarşılayır:

185687

"Dərsliklərin daim təkmilləşdirilməsi və hər 10 ildən bir yenilənməsi təbii prosesdir. Yaşadığımız dünya sürətlə dəyişir. Elm inkişaf edir, pedaqogikada və tədris metodikasında yeni meyillər meydana çıxır. Bütün bunlar təhsilin məzmununa, həm tədris proqramlarına, həm də dərsliklərə təsir göstərməyə bilməz.

Lakin burada bir problem ortaya çıxır. Təhsildəki beyin mərkəzləri, yəni kurikulumu yazanlar, dərslik müəllifləri, ekspertlər dünyada baş verənləri diqqətlə izləyir, mütərəqqi trendləri bizim təhsil mühitinə uyğunlaşdırmaqla tətbiq etməyə çalışırlar. Ancaq dərs deyən müəllimlərin çox az bir qismi yeni yanaşmanı mənimsəməyə cəhd edir, əksəriyyət onu süngü ilə qarşılayır. Beləliklə, təhsilin yeni məzmunu, fəlsəfəsi ilə müəllimlərimizin təfəkkür tərzi, alışqanlığı arasında ziddiyyət ortaya çıxır. 

Təhsilin təsbit olunmuş məzmunu ilə tədris prosesi arasındakı ziddiyyətin qabarmasında, yəqin ki, məzmunu yaradanların da “xidməti” var. Yeni yanaşma özü ilə dərsliyə yeni çalışma modelləri, metod və üsullar gətirir. Ola bilsin, bir sıra hallarda onlar uğursuz və ya anlaşılmaz ifadə olunur. İstənilən halda, müəllimlərimizin bu modellərə alışması zaman tələb edir".

Biz məntiqi, analitik, tənqidi təfəkkür haqqında yenicə danışmağa başladığımız bir vaxtda dünya təhsili artıq yaradıcı təfəkkürü qarşısına məqsəd kimi qoyur:

"Digər problem isə yenilənmənin fundamental bazasının zəifliyidir. Təhsildə hər bir islahat dərin sosial-pedaqoji araşdırmalar tələb edir. Biz isə indiyə qədər şagirdlərimizin yaş qrupları üzrə söz ehtiyatına, oxuyub-anlama sürətinə bələd deyilik. Belə bir şəraitdə dərsliklərin leksikonu və onların çətinlik səviyyəsi haqqında dəqiq fikir söyləmək çətindir.

Qabaqcıl dünya təhsilinin lokomotivləri indiki səviyyəyə çatmaq üçün onillər, bəlkə də, yüzillər boyu yol gediblər, elm və iqtisadiyyatın yüksək inkişaf səviyyəsinə çatmaqla getdikləri yolun doğruluğunu sübut ediblər. Biz isə məlum səbəblərdən uzun müddət bu yoldan kənarda qalmışıq, indi isə 15-20 ilə yüzillik bir yolu qət etməyə çalışırıq.

Kimsə deyə bilər ki, təhsilin məzmununu yeniləməkdə çox tələsirik. Amma başqa çarə yoxdur. Dünyada təhsilin inkişafı dayanmadan irəliləyən qatara bənzəyir. Onilliklər boyu təhsilimizin məzmununu müxtəlif fənlər üzrə elmin əsasları təşkil edib. İndi isə şagirdlərdə təfəkkür və bacarıqları inkişaf etdirməyə çalışırıq. Biz məntiqi, analitik, tənqidi təfəkkür haqqında yenicə danışmağa başladığımız bir vaxtda dünya təhsili artıq yaradıcı təfəkkürü qarşısına məqsəd kimi qoyur. Biz bu qatarın dalınca daim qaça bilmərik. İmkan tapıb özümüzü bu qatarın içinə salmalıyıq".

Putin nə deyəcəyini bilmədi - Şəhərlər bombardman edilir!
Son xəbərlərDaha çox