Ötən həftə müəllimlər sertifikasiyanın birinci beşillik dövrünün sonuncu imtahanını da başa vurublar. Hazırda prosesin yalnız müsahibə mərhələsi qalır.
Maraqlıdır, ilk beşillik dövrdə müəllimlərin sertifikatlaşdırılması prosesinin təşkilində və strukturunda hansı məqamlar ön plana çıxdı? Gələcək illərdə bu mexanizmlərin təkmilləşdirilməsi üçün hansı dəyişikliklərə ehtiyac var?
Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Ramin Nurəliyev bildirib ki, müəllimlərin əməkhaqqına tətbiq olunan əlavələrin diferensiallaşdırılması məqsədəuyğun olardı.
"Sertifikatlaşdırmanın əhəmiyyəti artıq hər kəsə məlumdur və onun real nəticələrini daha çox 5-10 ildən sonra görəcəyik. Çünki hər birimiz övladlarımızın məktəbdə peşəkar və savadlı müəllimlərdən dərs almasını istəyirik. Nazirliyin əsas məqsədi də məhz budur.
Təbii ki, proses yeni tətbiq olunduğu üçün təşkilati və struktur baxımından müəyyən çatışmazlıqların olması normaldır. Bu sahədə təcrübə toplandıqca həm sualların formatında, həm də qiymətləndirmə meyarlarında müəyyən dəyişikliklərin edilməsi mümkündür.
Məsələn, hazırda əməkhaqqına 10 və 35 faiz əlavələr tətbiq edilir. Bu bölgünü daha çevik etmək olar. Elə hallar olur ki, iki müəllim arasında cəmi 1-2 bal fərq olur, lakin onlardan biri 10, digəri isə 35 faiz əməkhaqqı əlavəsi alır. Hesab edirəm ki, bu mexanizmdə müəyyən düzəlişlərin edilməsi məqsədəuyğun olardı".
Ekspertin sözlərinə görə, müəllimlərin ən çox narazılıq etdiyi məqamlardan biri məhz qiymətləndirmə meyarlarıdır.
"Qiymətləndirmə sistemində müəyyən dəyişikliklər edilməsinə ehtiyac var. Məsələn, toplanan bala uyğun daha mərhələli əməkhaqqı əlavələri tətbiq oluna bilər. Hər 5 bal intervalı üzrə fərqli əlavələrin müəyyənləşdirilməsi daha ədalətli yanaşma olardı.
İkinci vacib məsələ isə sualların formatıdır. Hesab edirəm ki, bütün fənlər üzrə sualların çətinlik səviyyəsi bir-birinə yaxın olmalıdır. Əgər bir fəndə suallar daha çətin, digərində isə daha asan olarsa, bu, nəticələrə və əməkhaqqı əlavələrinə də təsir göstərir. Nəticədə eyni məktəbdə çalışan müəllimlərdən biri 10 faiz, digəri isə 35 faiz əlavə ala bilər. Bu da müəllimlər arasında narazılıq yarada bilər.
Məsələn, tarix müəllimi hesab edə bilər ki, onun biliyi və peşəkarlığı daha yüksəkdir, lakin fənni üzrə suallar daha çətin olduğu üçün aşağı nəticə göstərib. Digər tərəfdən, başqa fənn üzrə müəllim daha asan suallarla yüksək nəticə əldə edib. Belə halların qarşısını almaq üçün bütün fənlər üzrə sualların çətinlik səviyyəsinin mümkün qədər balanslaşdırılması vacibdir. Bu, qiymətləndirmənin obyektivliyini artıracaq.
Ümumilikdə sertifikatlaşdırmanın faydası böyükdür və bunun müsbət təsirlərini gələcək illərdə daha aydın görəcəyik. Lakin hesab edirəm ki, iki məsələyə xüsusi diqqət yetirilməlidir: birincisi, əməkhaqqı əlavələrinin daha mərhələli və toplanan bala uyğun müəyyənləşdirilməsi, ikincisi isə bütün fənlər üzrə sualların çətinlik səviyyəsinin mümkün qədər eyniləşdirilməsidir".