24 iyun sertifikatlaşdırma prosesinin beşinci günündə Tarix, Riyaziyyat, Coğrafiya və İnformatika fənləri üzrə müəllimlər imtahan veriblər.
İmtahanda 59 bal toplayan müəllimlərdən biri də Bakı Avropa Liseyində STEM və informatika müəllimi Aysel Yaqubova olub.
AzEdu.az bu münasibətlə Aysel müəllimin təəssüratlarını öyrənib.
O qeyd edib ki, yüksək nəticə əldə edəcəyini gözləyirdi:
“Sertifikasiya imtahanında əslində maksimum nəticə - 60 bal gözləyirdim, lakin 59 bal topladım. Amma bütövlükdə yüksək nəticə əldə edəcəyimi düşünürdüm. Çünki vaxtilə Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında da yüksək balla respublika üçüncüsü olmuşdum.
İmtahandakı suallar asan, orta və çətin olmaqla üç kateqoriyaya ayrılmışdı. Tamamilə çətin tipli suallar olmasa da, hər halda diqqət tələb edən məqamlar var idi. İmtahanın ixtisas hissəsinə tamamilə özüm hazırlaşmışam. Metodika istiqamətində isə son iki ayı liseyin müəllimi olan, məndən daha təcrübəli bir həmkarımla birgə hazırlaşmışdıq, sualları davamlı müzakirə edirdik”.
Müəllim şagirdi düzgün yönləndirmək üçün ilk növbədə özü o stresi yaşamalıdır:
“Hesab edirəm ki, sertifikasiya imtahanlarının keçirilməsi çox önəmlidir. Çünki bu proses müəllimdə məsuliyyət hissini artırır. Bəzən elə olur ki, müəllim uzun illər yalnız müəyyən siniflərdə - məsələn, 7-ci, 8-ci siniflərdə dərs keçir və yuxarı siniflərin proqramını unuda bilir. Fənlər isə elədir ki, davamlı praktika tələb edir. İmtahan həm müəllimin biliklərinin təzələnməsi, həm də məsuliyyətini dərk etməsi üçün vacibdir. Şagirdi düzgün yönləndirmək üçün müəllim ilk növbədə özü o stresi yaşamalı, qarşısına məqsəd və hədəf qoymalıdır ki, sonra uşaqları da düzgün istiqamətə yönəldə bilsin.
Hazırlıq prosesində hər hansı bir çətinliyim olmadı. Suallar ümumi məktəb dərsliklərində olan mövzulardan ibarət idi. Sadəcə, testologiyanın qaydası belədir ki, imtahan təkcə biliyi yox, həm də yüksək diqqəti yoxlayır. Ona görə də diqqətli ola bilmək və imtahan stresinə qalib gəlmək üçün çoxlu praktika lazım olur. Gərək o sualları dəfələrlə, dönə-dönə görəsən ki, artıq əl vərdişi yaransın. İmtahanda düşünməyə belə vaxt itirmədən, sualları avtomatik şəkildə cavablandırmağı bacarmalısan”.
Texnologiyanın və təhsil metodologiyalarının sürətlə dəyişdiyi müasir dövrdə öz üzərində çalışmaq müəllim üçün seçim deyil, bir zərurətdir:
“Keçid balını toplaya bilməyən həmkarlarımıza gəldikdə isə, bu, yaş amili ilə bağlı ola bilər. Müəyyən yaşdan sonra imtahan həyəcanını idarə etmək çətinləşir. Bundan başqa, uğursuzluq üçün fərqli bir səbəb görmürəm. Sadəcə nizamlı işləmək, proqramla tam tanış olmaq və davamlı praktika etmək lazımdır. Şəxsən mən nə sualların səviyyəsində, nə də onların qoyuluşunda imtahandan kəsilmək üçün heç bir ciddi səbəb görmürəm.
Mənim düşüncəmə görə, müəllimlik statik bir peşə deyil, dinamik bir ömür yoludur. Müəllim o zaman öyrədə bilər ki, özü də öyrənməkdən dayanmasın. Böyük mütəfəkkir Konfutsianın çox sevdiyim bir sözü var: “Dayanmadan hərəkət etdiyiniz müddətcə nə qədər yavaş getdiyinizin bir önəmi yoxdur”. Bu fəlsəfə mənim həm peşəkar, həm də şəxsi inkişafımın təməlini təşkil edir. Texnologiyanın və təhsil metodologiyalarının sürətlə dəyişdiyi müasir dövrdə öz üzərində çalışmaq müəllim üçün seçim deyil, bir zərurətdir”.
Bu imtahan olmasa belə, müəllim hər zaman peşəkar inkişafını düşünməlidir:
“Sertifikasiya imtahanında iştirak edəcək müəllimlərə tövsiyəm odur ki, təkcə imtahan ərəfəsində deyil, ümumiyyətlə, hər zaman öz üzərlərində işləsinlər. Biz necə ki şagirdlərdən daim öyrənməyi tələb edirik, eləcə də müəllim həm öyrətməli, həm də öyrənməlidir. Davamlı olaraq özünü inkişaf etdirməlidir. Sertifikasiya sadəcə bir səbəbdir; bu imtahan olmasa belə, müəllim hər zaman peşəkar inkişafını düşünməlidir.
Çox təşəkkür edirəm ki, Elm və Təhsil Nazirliyi belə bir şərait yaradır. Bunun sayəsində müəllimlərin əməyi dəyərləndirilir, onların cəmiyyətdəki dəyəri daha aydın görünür və anlaşılır. Amma yenə qeyd edirəm, bu addımlar olmasa belə, hər bir müəllim davamlı olaraq inkişaf etməlidir. Müəllimin çantasında həmişə kitabı, dəftəri olmalı, özünə gündəlik və ya həftəlik olaraq ən azı bir saat xüsusi vaxt ayırmalıdır. Öz üzərində dayanmadan işləməli, təhsildəki yenilikləri addım-addım izləməli və onlarla tanış olmalıdır".