Azedu.az

"Siniflər doludur, müəllimlər isə çatışmır" - Rus bölmələrini nə gözləyir?

Orta təhsil

15 İyun 2026, 10:02
"Siniflər doludur, müəllimlər isə çatışmır" - Rus bölmələrini nə gözləyir?

“Rus dilli təhsilin ən böyük problemlərindən biri peşəkar, müasir kurikulum metodologiyasına bələd olan və rus dilində yüksək səviyyədə dərs deyə bilən gənc müəllim kadrlarının çatışmazlığıdır”.

AzEdu.az-a bu sözləri publisist, pedaqoq Şəmsi Qoca söyləyib. 

Şəmsi Qoca: “Valideyn üçün təhsilin keyfiyyəti artıq şagirdin dünyagörüşü ilə deyil, topladığı balla ölçülür”

“Müstəqillik qazanıldıqdan sonra hər bir suveren dövlətin təhsil siyasətinin əsas prioritetlərindən biri milli kimliyin formalaşdırılması və dövlət dilinin cəmiyyətin bütün sahələrində tam hakim mövqeyə sahib olmasıdır. Təhsil sistemində ana dilində (Azərbaycan dilində) tədrisə üstünlük verilməsi, gənc nəslin milli dəyərlər ruhunda böyüməsi və dövlət strukturunda, eləcə də hüquqi müstəvidə işlərin tamamilə dövlət dilində aparılması tələbi rus bölmələrinə olan bəzi xüsusi diqqətin və ya güzəştlərin tədricən ümumi təhsil standartlarına uyğunlaşdırılmasını şərtləndirir.

Xüsusilə Bakı və digər böyük şəhərlərdə rus bölmələrinə olan valideyn marağı ilə mövcud infrastruktur arasında ciddi bir disbalans yaranıb. Rus dilli məktəblərdə və ya bölmələrdə siniflərin həddindən artıq dolması (bəzən bir sinifdə 40-45 şagirdin olması) təhsilin keyfiyyətinə birbaşa mənfi təsir göstərir. Dövlət bu sıxlığı tənzimləmək, şagird yerlərini daha rasional bölüşdürmək və Azərbaycan bölməsinin infrastrukturunu genişləndirmək məqsədilə müəyyən optimallaşdırma addımları atmağa məcbur olur. Bu, məktəblərin tamamilə qapadılması deyil, çox vaxt rus bölmələrinin müəyyən məktəblərdə birləşdirilməsi və ya qəbul kvotalarının tənzimlənməsi formasında özünü büruzə verir”.

Keyfiyyətsiz təhsil verməkdənsə, zəif kadr potensialı olan bölmələri bağlamaq daha üstündür:

“Rus dilli təhsilin ən böyük problemlərindən biri peşəkar, müasir kurikulum metodologiyasına bələd olan və rus dilində yüksək səviyyədə dərs deyə bilən gənc müəllim kadrlarının çatışmazlığıdır. Yaşlı nəsil müəllimlərin təqaüdə çıxması ilə yaranan boşluğu doldurmaq çətinləşir. Keyfiyyətsiz təhsil verməkdənsə, dövlət təhsil qurumları mövcud güclü kadrları müəyyən mərkəzləşdirilmiş məktəblərdə toplamağa və zəif kadr potensialı olan bölmələri bağlamağa və ya Azərbaycan bölməsinə transformasiya etməyə üstünlük verirlər.

Təhsil heç vaxt siyasətdən tam təcrid oluna bilməz. Regional geosiyasi proseslər, xarici dövlətlərin yumşaq güc siyasətinə qarşı milli təhlükəsizlik və ideoloji müstəvidə qabaqlayıcı tədbirlərin görülməsi zərurəti də dövlətlərin təhsil strategiyalarına təsir edir. Milli maraqların qorunması məqsədilə xarici dillərdə təhsil verən müəssisələrin fəaliyyəti üzərində dövlət nəzarətinin gücləndirilməsi bu qərarların arxasındakı gizli və ya aşkar siyasi amillərdən biridir.

Son olaraq qeyd edim ki, Rusdilli məktəblərin və ya bölmələrin taleyi ilə bağlı gedən proseslər təbii bir təkamül və milli dövlət quruculuğu mərhələsidir. Dövlət bir tərəfdən milli kimliyi və ana dilini qorumaq xəttini yürüdür, digər tərəfdən isə beynəlxalq əlaqələri saxlamaq üçün rus dilli təhsilin tamamilə yox olmasına deyil, onun daha nəzarətli, keyfiyyətli və optimallaşdırılmış formada mövcudluğuna çalışır. Bu balansın düzgün qorunması, gələcəkdə cəmiyyətin həm milli dəyərlərə sadiq, həm də qlobal dünyaya açıq intellektual nəsil yetişdirmək qabiliyyətindən asılı olacaqdır”.

TƏCİLİ! Ermənilərə XƏBƏRDARLIQ EDİLİDİ: Sərhəddə həyəcan siqnalı
Son xəbərlərDaha çox