Azedu.az

AzMİU alimləri günəş enerjisinin səmərəliliyini hesablayıblar

Ali təhsil

2 İyul 2026, 11:49
AzMİU alimləri günəş enerjisinin səmərəliliyini hesablayıblar

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Ekologiya kafedrasının, Beynəlxalq Ekoenergetika Akademiyasının və Coğrafiya İnstitutunun birgə təşkilatçılığı ilə “Yaşıl enerji, enerji effektivliyi və iqlim dəyişikliklərinin məlumat bazası” mövzusunda elmi konfrans keçirilib.

AzEdu.az xəbər verir ki, tədbirdə yaşıl enerji texnologiyalarının inkişafı, enerji səmərəliliyinin artırılması, bərpa olunan enerji mənbələrinin tətbiqinin genişləndirilməsi, iqlim dəyişikliklərinin təsirlərinin elmi əsaslarla qiymətləndirilməsi, yaşıl memarlıq və dayanıqlı şəhərsalma yanaşmaları, eləcə də bu istiqamətdə aparılan tədqiqatların nəticələri müzakirə olunub.

Konfrans Azərbaycanın yaşıl inkişaf strategiyası, ölkəmizin COP29 çərçivəsində müəyyənləşdirdiyi prioritetlər və Ümumdünya Şəhərsalma Forumu – WUF13 zamanı ön plana çıxarılan dayanıqlı şəhərlər, enerji effektivliyi və iqlimə davamlı urbanizasiya hədəfləri ilə səsləşən mühüm elmi platforma kimi qiymətləndirilib.

Tədbirdə ölkənin aparıcı ali təhsil və elmi müəssisələrinin nümayəndələri, tanınmış alimlər, professor-müəllim heyəti, doktorantlar, magistrantlar və tələbələr iştirak ediblər.

Konfransın açılışında çıxış edən AzMİU-nun Ekologiya kafedrasının müdiri, professor Fəqan Əliyev yaşıl iqtisadiyyatın formalaşdırılması, enerji təhlükəsizliyinin təmin olunması və iqlim dəyişikliklərinə qarşı mübarizədə elmi araşdırmaların mühüm rol oynadığını vurğulayıb. O qeyd edib ki, müasir dövrdə yaşıl enerji, enerji effektivliyi və ekoloji dayanıqlılıq yalnız enerji sektorunun deyil, həm də memarlıq, tikinti və şəhərsalma sahələrinin əsas inkişaf istiqamətlərindən birinə çevrilib. Professor bildirib ki, universitetlər və elmi-tədqiqat müəssisələri innovativ həllərin hazırlanması və tətbiqi ilə ölkənin yaşıl transformasiya prosesinə mühüm töhfə verirlər.

Daha sonra çıxış edən AzMİU rektorunun müşaviri, Dünya Azərbaycanlı Alimlər Birliyinin İdarə Heyətinin sədri, dünya şöhrətli alim, professor Məsud Əfəndiyev Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrinin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb. O, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində əlavə tədbirlər haqqında” sərəncamının ölkədə yaşıl enerji sektorunun inkişafı üçün mühüm hüquqi və strateji baza formalaşdırdığını qeyd edib. Professor vurğulayıb ki, dövlət tərəfindən müəyyənləşdirilən hədəflərə nail olunması yalnız infrastruktur layihələri ilə deyil, eyni zamanda fundamental və tətbiqi elmi tədqiqatların gücləndirilməsi, innovativ texnologiyaların hazırlanması və universitet-elmi mərkəz əməkdaşlığının genişləndirilməsi ilə mümkündür. Onun sözlərinə görə, yaşıl keçid prosesinin uğuru elmi potensialın səfərbər olunmasından və bilik əsaslı həllərin tətbiqindən birbaşa asılıdır.

Konfransda AzMİU-nun Ekologiya kafedrasının dosenti Fərhad Əliyev, Gəncə Dövlət Universitetinin Ekologiya kafedrasının müdiri, biologiya elmləri doktoru, professor Sevda Əhmədova, həmin universitetin Botanika kafedrasının professoru Aynur Bayramova, Azərbaycan Dövlət Aqrar Universitetinin Ekologiya kafedrasının müdiri, professor Nizami Seyidəliyev, Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin dekanı, professor Afət Məmmədova, həmin fakültənin Botanika kafedrasının professoru Humirə Hüseynova, Ekologiya Təhsil Departamentinin rəisi, “EkoSfera” Ekoloji-Sosial Mərkəzi İctimai Birliyinin sədri Firuzə Sultanzadə və digər elm nümayəndələri çıxış edərək yaşıl enerji texnologiyalarının tətbiqi, alternativ enerji mənbələrinin səmərəli istifadəsi, ekoloji təhlükəsizlik və iqlim dəyişikliklərinin təsirlərinin azaldılması istiqamətində aparılan tədqiqatlardan bəhs ediblər.

Çıxışlarda beynəlxalq təcrübənin öyrənilməsinin, müxtəlif elm və təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsinin, birgə layihələrin hazırlanmasının və gənc tədqiqatçıların bu proseslərə fəal cəlb olunmasının vacibliyi xüsusi vurğulanıb.

Konfransın elmi sessiyalarında yaşıl enerji və enerji effektivliyi sahəsində innovativ yanaşmaları əhatə edən məruzələr dinlənilib.

Professor Fəqan Əliyev “Memarlıq və İnşaat Elmində İnşaat Fizikasının Riyazi Modeli və Kriteriyaları” mövzusunda çıxış edərək müasir tikinti sahəsində enerji səmərəliliyinin artırılmasına xidmət edən riyazi modellər və onların praktik tətbiq imkanları barədə ətraflı məlumat verib.

Dosent Fərhad Əliyev və dokturant İsmayıl Hacıyev “Memarlıq və İnşaat Universitetinin 2-ci korpusunun fiziki modeli, NASA+Metanorm proqramı” mövzusunda təqdimatla çıxış edərək universitetin 2 saylı tədris binası üzrə həyata keçirilən enerji modelləşdirmə tədqiqatlarının nəticələrini təqdim ediblər. Məruzədə binanın enerji istehlakı göstəriciləri təhlil olunub, dam örtüyündə günəş panellərinin yerləşdirilməsi imkanları araşdırılıb və müxtəlif ssenarilər üzrə enerji istehsalı potensialı qiymətləndirilib. Təqdimat zamanı günəş enerjisindən istifadənin universitetin enerji təminatında səmərəliliyin artırılmasına, enerji xərclərinin azaldılmasına və karbon emissiyalarının minimuma endirilməsinə verə biləcəyi töhfələr nümayiş etdirilib. Bildirilib ki, bu cür layihələr ali təhsil müəssisələrində yaşıl kampus modelinin formalaşdırılması və dayanıqlı enerji idarəetmə sistemlərinin tətbiqi baxımından xüsusi əhəmiyyət daşıyır.

Əsmər Orucova “Türkiyə modeli əsasında iqlim dəyişmələri üzrə eksperiment poliqonunun izahı” adlı məruzəsində iqlim dəyişikliklərinin monitorinqi üçün yaradılmış eksperimental modellər, müşahidə metodları və onların Azərbaycan şəraitində tətbiq perspektivlərindən danışıb.

Cəlal Dadaşov isə “Azərbaycanda bərpa olunan enerji və nəşr olunan tədqiqatlar” mövzusunda çıxış edərək ölkədə günəş, külək və hidroenerji potensialı, bu istiqamətdə aparılan elmi araşdırmalar və gələcək inkişaf imkanları barədə məlumat verib.

Məruzələr ətrafında aparılan müzakirələr zamanı yaşıl enerji və enerji effektivliyi sahəsində yeni tədqiqat istiqamətləri, məlumat bazalarının yaradılması, yaşıl memarlıq prinsiplərinin tətbiqi, iqlim dəyişikliklərinin qiymətləndirilməsi mexanizmləri və ekoloji təhlükəsizliyin gücləndirilməsi ilə bağlı təkliflər səsləndirilib.

Qeyd olunub ki, qlobal iqlim çağırışları fonunda yaşıl enerji texnologiyalarının inkişafı, enerji effektivliyi və dayanıqlı şəhərsalma yanaşmaları gələcəyin şəhərlərinin formalaşdırılmasının əsas şərtlərindən biridir. Bu baxımdan universitetlərdə aparılan tədqiqatlar və akademik müzakirələr həm elmi potensialın gücləndirilməsi, həm də dövlətin yaşıl inkişaf strategiyasının reallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Sonda iştirakçılar belə elmi platformaların mütəmadi təşkilinin elm və təhsil müəssisələri arasında əməkdaşlığın möhkəmləndirilməsinə, innovativ ideyaların təşviqinə və Azərbaycanın yaşıl inkişaf hədəflərinin həyata keçirilməsinə mühüm töhfə verdiyini bildiriblər.

TƏCİLİ! Ukrayna Rusiyaya ağır zərbələr endirdi - Yaralılar var
Son xəbərlərDaha çox