2022-ci ildən etibarən həyata keçirilən müəllimlərin sertifikatlaşdırılması prosesinə indiyədək ümumilikdə 104 mindən çox təhsilverən cəlb olunub.
Bu il ilk dəfə olaraq tarix, fiziki tərbiyə, texnologiya, təsviri incəsənət və musiqi fənləri üzrə müəllimlər sertifikatlaşdırma imtahanında iştirak ediblər.
Elm və Təhsil Nazirliyinin məlumatına görə, cari ildə sertifikatlaşdırma prosesinə ümumilikdə 16 938 müəllim cəlb olunub.
İmtahanın nəticələrinə əsasən, tarix fənni üzrə iştirak edən 5 571 müəllimdən 1 377-si, fiziki tərbiyə fənni üzrə 5 419 müəllimdən 903-ü, texnologiya fənni üzrə 2 948 müəllimdən 393-ü, təsviri incəsənət fənni üzrə 1 689 müəllimdən 284-ü, musiqi fənni üzrə isə 1 311 müəllimdən 270-i keçid balını toplaya bilməyib.
Uğursuz nəticə göstərən müəllimlərə növbəti il sertifikatlaşdırmada yenidən iştirak etmək imkanı veriləcək. Onlar ikinci cəhddə də keçid balını toplaya bilmədikləri təqdirdə, qanunvericiliyə əsasən, çalışdıqları məktəb tərəfindən əmək müqavilələrinə xitam verilə bilər.
Bəzi hallarda nəticələrindən narazı qalan müəllimlər apellyasiya şikayəti verir, bəzi hallarda isə birbaşa Elm və Təhsil Nazirliyinə müraciət edirlər.
AzEdu.az-ın “Təhsil haqqında” Qanuna istinadən verdiyi məlumata görə, sertifikatlaşdırmanın nəticələri ilə razılaşmayan təhsilverənlər nəticənin “Şəxsi kabinet”lərinə göndərildiyi tarixdən etibarən 30 iş günü müddətində inzibati qaydada Nazirliyə və ya məhkəməyə müraciət edə bilərlər.
Nazirlik təhsilverənin şikayətinə onun iştirakı ilə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun şəkildə baxır.
Qeyd edək ki, indiyədək təkrar sertifikatlaşdırmada da uğur qazana bilməyən 9 334 müəllimin əmək müqaviləsinə qanunvericiliyin tələblərinə uyğun olaraq xitam verilib.