https://www.zirve.edu.az/ http://unec.edu.az/unec-de-4-ilde-iki-diplom-udid-proqrami/
2021-05-17 17:55:00
Bakıda ilk dərs günündə məktəblərdə davamiyyət 80 faiz təşkil edib - BŞTİ

Məlum olduğu kimi, bu gündən ümumi təhsil müəssisələrində I-IX siniflər və məktəbəhazırlıq qrupları üzrə ənənəvi təhsil qismən bərpa olunub. Paytaxtın ümumi təhsil müəssisələrində mayın 17-nə olan məlumata əsasən, davamiyyət təxminən 80 faiz təşkil edir.

 

AzEdu.az xəbər verir ki bunu Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov deyib.

 

B.Məmmədov bildirib ki, BŞTİ tabeliyindəki təhsil müəssisələrində də tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil olunur.

 

O qeyd edib ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində mütəmadi olaraq dezinfeksiya işləri və müvafiq qabaqlayıcı tədbirlər həyata keçirilir: “Sıxlığın idarə edilməsi məqsədilə siniflər üzrə şagird sayı epidemioloji vəziyyət nəzərə alınmaqla müəyyən olunur. Məktəblərdə sinif üzrə şagird sayı 20 nəfərdən çox olduqda sinif yarımqruplara bölünür.

 

Paytaxtdakı təhsil müəssisələrində ümumilikdə 410 000-dən çox şagird əyani dərslərə cəlb olunub. Məktəbəhazırlıq mərhələsində və ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində (I-IV siniflərdə) həftədə 3 dəfə, xüsusi məktəblərdə (I-IX siniflərdə) isə həftədə 5 dəfə, məktəbdənkənar təhsil müəssisələrində aşağı və orta yaş qruplarında (I-IX siniflər) dərnək məşğələləri həftədə 2 olmaqla əyani tədris təmin olunur. X-XI siniflərdə isə tədris distant formada davam edəcək”.