https://www.zirve.edu.az/
16.01.2021 13:49
AzTU-da ERASMUS+KA2 UNICLAD layihəsi çərçivəsində növbəti görüş  

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaş olduğu ERASMUS+KA2 çərçivəsində Litvanın Kaunas Tətbiqi Elmlər Universitetinin koordinatorluğu ilə  “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” UNICLAD layihəsi üzrə klaster təcrübəsinin ölkəmizdə yaxından öyrənilməsi və inkişaf etdirilməsi məqsədilə “Aqrar sektorda innovativ texnologiyaların rolu” mövzusunda növbəti işgüzar görüş keçirilib.

 

AzTU-nun təşkilatçılığı və layihə tərəfdaşlarının iştirakı ilə reallaşan görüşdə  Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin Aqrar İnnovasiya Siyasətinin Təşkili şöbəsinin müdiri Anar Cəfərov “Aqrar sektorda innovativ texnologiyaların mövcud istifadə sahələri, onların istifadəsində fürsətlər və çətiniklər”, AzTU-nun prorektoru Sübhan Namazov “Aqrar sektorda innovativ texnologiyaların tətbiqində yeni tendensiyalar və onların perspektiv inkişafı” mövzularında təqdimatla çıxış edib.

 

Layihə üzrə tərəfdaş təşkilat olan İspaniyanın VİTARTİS Ərzaq Sənayesi klasterinin nümayəndəsi Gema Prieto öz klaster təcrübələrini təqdim edib. O, klasterin strukturu, inkişaf istiqamətləri, hüquqi baxımdan fəaliyyətinin təşkil olunması və istiqamətləri üzrə geniş məlumat verib.

 

Görüşdə Azərbaycan üzrə ERASMUS+ ofisinin nümayəndəsi Zəfər Həsənov, Azərbaycan Dövlət Aqrar Universiteti və AzTU-nun nümayəndələri də iştirak edib.