Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-07 09:20:00
Erməni vandalizminin qurbanı olan abidələrimiz - Gəncəsər monastır kompleksi

Ermənistan Dağlıq Qarabağ və ona bitişik ətraf rayonların erməni torpaqları olması barədə iddiasını əsaslandırmaq üçün işğal altında saxladığı Azərbaycan ərazilərində müxtəlif əsrlərə aid abidələrin dağıdılaraq yox edilməsinə və mənimsənilməsinə çalışıblar.

AzEdu.az xəbər verir ki. bu fikri AZƏRTAC-a açıqlamasında Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı, Beynəlxalq Memarlar Akademiyasının həqiqi üzvü Faiq İsmayılov deyib.

O bildirib ki, erməni vandalizminin qurbanı olan abidələrimizdən biri də Gəncəsər monastır kompleksidir. Elmi ədəbiyyatda Xəznədağ məbədi adı ilə tanınan bu kompleksin əsas tikililəri XIII əsrdə inşa edilib. Monastırın yerləşdiyi Xaçınçay sahilindəki təpə hələ xristianlıqdan öncə müqəddəs yer sayılıb. Gəncəsər monastırı Qafqaz Albaniyasının dini və mədəni mərkəzi olub.

Gəncəsər monastır kompleksi kilsə, xüsusi giriş salonu və yardımçı binalardan ibarətdir. Kompleks cənub və qərb tərəflərində iki qapısı olan qala divarları ilə əhatə olunub. Şimal və cənub divarlarına hücrələr və yardımçı binaların otaqları birləşir. Kompleksin cənub qapısına yaxın olan kilsənin əsasını 1216-1238-ci illər arasında Alban knyazı Həsən Cəlal qoyub: “Bu dəyərli abidənin inşaat və memarlıq həllində Səlcuqlar və xüsusilə Elxanilər mühitinin böyük təsiri olub. Onun əzəmətli həcm-məkan quruluşu, zəngin və incə bədii tərtibatı, eləcə də son dərəcə keyfiyyətli inşaatı kiçik bir knyazlığın deyil, qüdrətli Elxanilər dövlətinin iqtisadi gücündən soraq verir”.

Faiq İsmayılov diqqətə çatdırıb ki, ermənilər 2012-ci ildə bu abidənin divarlarının üzərini mərmər daşlarla bağlamağa başladılar. Kompleksin həyətində aparılan tikinti “abadlıq” işləri monastırın əzəli görkəminə zərər vururdu. Bu vandal hərəkətlər Ermənistanın özündə də narahatlıqla qarşılanıb. Bu ölkənin “168 HOURS” analitik informasiya agentliyinin verdiyi məlumata görə, 2013-cü il iyunun 24-də Ermənistanın 350 ziyalısı və görkəmli adamları Azərbaycanın Kəlbəcər rayonunun Vəngli kəndindəki Gəncəsər Monastır kompleksinin formasının dəyişdirilməsinə etiraz olaraq prezident Serj Sarkisyana, Qarabağ icmasının rəhbəri Bako Saakyana və ümumerməni katalikosuna açıq məktub ünvanlayıblar. Məktubda bildirilirdi ki, Gəncəsər monastır kompleksinin binasının mərmər daşlarla üzlənməsi işlərinə başlanılıb. Bu özbaşınalıq mütərəqqi fikirli erməni ziyalılarının və ictimaiyyətin hiddətinə səbəb olub. Siz belə vandalizm hərəkətlərini dayandırmasanız bu, Ermənistanda böyük etiraz dalğası yaradacaq.

Müraciətə baxmayaraq ermənilərin vandal hərəkətləri dayandırılmadı. Ermənilər xristian amilindən yararlanaraq özlərinə tərəfdaş toplamağa çalışsalar da, Dağlıq Qarabağda islam dövrü abidələri ilə yanaşı, xristian dövrü abidələrinə də ziyan vurublar.

“Cənubi Qafqazda tarixi kökə və mədəniyyətə malik olmayan ermənilər tarixi abidələri öz adlarına çıxmaqla dünyanı inandırmağa çalışırlar ki, onlar bu torpaqların əzəli və əbədi sakinləridir. Ermənilərin Cənubi Qafqazda tarixi kökə sahib olmaması barədə erməni tarixçi Gevorq Aslan 1914-cü ildə “Ermənistan və ermənilər” əsərində yazırdı ki, ermənilərin dövlətləri olmayıb. Onlarda vətən hissi, vətənə bağlılıq siyasəti yoxdur. Erməni təəssübkeşliyi yalnız yaşadıqları yerlərlə bağlıdır”, - deyə Faiq İsmayılov qeyd edib.