Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-03 15:54:00
“Təhsilimi yarımçıq qoyub orduya qatılmağa hazıram” -Xaricdəki soydaşımızın VƏTƏN təəssübü

Sentyabrın 27-dən Azərbaycan ərazisində hərbi vəziyyət elan olunub.  Ölkədə Vətən müharibəsi gedir. Azərbaycan ordusu yeni tarix yazır-əzəli dədə-baba torpaqlarımızı işğaldan azad etmək uğrunda savaşır. Bu günlərdə həm ölkə daxilində, həm də xaricdə yaşayan vətəndaşlarımız bir olub, dünyaya Azərbaycan, Qarabağ həqiqətlərini çatdırmaq üçün çalışır. Biz də soydaşlarımızı birliyə səsləyirik. Azərbaycanla bağlı həqiqətləri paylaşaq, tədbirlərə qatılaq və dünya birliyimizdən doğan gücü görsün!

 

AzEdu.az dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizin bu istiqamətdə görüb-görəcəkləri  işlərlə  maraqlanır. Budəfəki Müsahibimiz Ankara Universiteti “Gazetecelik” fakültəsinin doktorantura tələbəsi Qoşqar Bəylərovdur.

 

Cəbhədə baş verənlər haqda məlumatınız var. Həmin hadisələrlə bağlı yaşadığınız ərazidə azərbaycanlılar, xüsusilə tələbələr arasında ab-hava necədir?

 

“27 sentyabrda Ermənistanın hücumu ilə başlayan, ordumuzun əks-hücum əməliyyatları ilə bir aydan çoxdur ki, davam edən haqq savaşımızla bağlı hadisələri anbaan izləyirəm. Ordumuzun döyüş meydanında, siyasilərimizin siyasət masaları arxasında qazandıqları qələbələr bir azərbaycanlı olaraq məni çox sevindirir. Hazırda təhsil aldığım qardaş Türkiyə Cümhuriyyətində insanların Qarabağ müharibəsində bizə dəstəyi möhtəşəmdir. Siyasi və hərbi liderlərindən tutmuş, balaca uşağına qədər hər kəs bu müharibədə bizim haqq tərəf olduğumuzu bilir və öz dəstəklərini ifadə edirlər”.

 

Azərbaycanla bağlı həqiqətləri paylaşmaq üçün hansı tədbirlərə qatılırsınız və nə kimi işlər görürsünüz?

 

“Xaricdə təhsil alan azərbaycanlı tələbələr olaraq Azərbaycanımızın haqq savaşını, ədaləti bərpa etmək üçün bu gün terrorçu Ermənistanla mübarizə apardığını, Gəncə, Bərdə, Tərtər və digər şəhərlərimizdə törədilmiş terror aktları haqqında yaşadığımız ölkə ictimaiyyətinə və ətrafımızda olan çoxsaylı fərqli ölkə nümayəndələrinə məlumat veririk. Sosial mediadakı fəaliyyətimizlə yanaşı bir neçə dəfə də ordumuza dəstək mitinqi təşkil etmiş, yerli xalq və media üçün mətbuat açıqlaması təşkil etmişik”.

 

“Ehtiyac yaranarsa təhsilimi dayandırıb vətən borcumu yerinə yetirmək mənim üçün şərəfdir”.

 

“Hazırda doktorantura təhsili aldığım üçün bu günün şərtlərində könüllü getmək istəsən belə hərbi xidmət keçməyənlər müharibəyə aparılmırlar. Lakin, ehtiyac yaranarsa təhsilimi dayandırıb vətən borcumu yerinə yetirmək mənim üçün şərəfdir. Ən qısa zamanda Qarabağımızı azad, millətimizi qalib, sevdiklərimizi sağ-salamat görmək ümidiylə, Tanrı ordumuzu müzəffər etsin”!

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları