Azedu.az

“Hər universitetdə iki-üç əsl müəllim olsa, oranı çökməyə qoymaz” - Sabiq təhsil NAZİRİ

AzEdu Təhsil Platforması

5 Oktyabr 2026, 15:15
“Hər universitetdə iki-üç əsl müəllim olsa, oranı çökməyə qoymaz” - Sabiq təhsil NAZİRİ

Bu gün Beynəlxalq Müəllimlər Günüdür.

AzEdu.az bu münasibətlə türkoloq, filologiya elmləri doktoru, professor, sabiq təhsil naziri Firudin Cəlilovla həmsöhbət olub. 

Həmsöhbətimiz qeyd edib ki, mən təhsil naziri olduğum dövrdə müəllimlərin maaşını üç dəfə artırdıq. Müəllimləri bütün kommunal xərclərdən azad etdik - işıq puludur, qaz puludur, su puludur, ev puludur və s. Mən nazir olduğum müddətdə bu, davam etdi, mən gedəndən sonra ləğv olundu:

“Müəllimlik ən müqəddəs sənətdir. Tarix boyu müəllim xalqın hörmət etdiyi bir insan sayılıb. Sovet Sosialist Respublikasının rəhbəri Nikita Xruşşova qədər müəllimlərin maaşı da, güzəranı da yaxşı idi. Amma Nikita Xruşşovdan sonra müəllimlər get-gedə əvvəlki şöhrətini itirməyə başladılar. Müəyyən mənada maaşlar çox azalmışdı, müəllimlikdən başqa gedib ayrı yerlərdə də işləyirdilər. Azərbaycanda da bu özünü göstərirdi.

Bəli, müəllimlik çətindir, amma müqəddəs vəzifədir. Çünki bir millətin, bir dövlətin gələcəyi onların əlindən asılıdır. Yəni onların əlindən keçən gənclik necə olacaqsa, gələcək də o cür qurulacaq.

Mən bir daha müəllimləri Müəllimlər Günü münasibətilə təbrik edirəm. Bunu da xatırladım ki, 1992-ci ildə Yaqub Məmmədov prezident əvəzi olan günlərdə mən xahiş elədim, maliyyə nazirini dəvət elədik, üçlükdə oturduq. Bütün qərar yeniləndi, müəllimlərin maaşını üç dəfə artırdıq. Müəllimləri bütün kommunal xərclərdən azad elədik - işıq puludur, qaz puludur, su puludur, ev puludur və s. Mən nazir olduğum müddətdə bu, davam elədi, mən gedəndən sonra ləğv olundu. Mən bunu xatırlamaqla bir daha Yaqub müəllimi də Müəllimlər Günü münasibətilə təbrik edirəm, çünki o da müəllim idi. Məni başa düşdü və mənim təqdim elədiyim o layihəyə fərman verdi. O dövrün müəllimləri yəqin ki, bunu xatırlayırlar”.

Gənclərin içərisindən də yaxşı müəllimlər yetişir:

“Tələbə olanda mənim bəxtim gətirdi ki, Azərbaycanda dilçilik, ədəbiyyat elminin yaradıcıları mənə dərs deyirdilər: Bəxtiyar Vahabzadə, Muxtar Hüseynzadə, Məmməd Cəfər və s. Biz o müəllimləri görəndə, yaxud üz-üzə gələndə kənara çəkilərdik, onların yanında siqaret çəkmək və ya başqa bir şey yox idi. Çünki biz onlara müqəddəs adam kimi baxırdıq.

İndi yetişən o müəllimlər yoxdur. Amma keçmişdən qalan müəllimlər arasında tək-tək vicdanlı, işinə həssaslıqla yanaşan müəllimlər qalıb. Gənclərin içərisindən də yaxşı müəllimlər yetişir. Amma 30 ildir ki, mən bu sistemdən kənardayam. Konkret misallarla deyə bilmərəm ki, müəllimlərin bu cəhəti zəifdir, o cəhət güclüdür. İndi nəvələrim məktəbə gedib-gəlir deyə məktəb haqqında müəyyən təsəvvürlərim var.

Bir il əvvəl Azərbaycan Dövlət Pedaqoji Universitetində tələbələrlə görüşüm var idi. Orada prorektor Mahira xanımı gördüm ki, tək idarəçi kimi yox, müəllim kimi də nə qədər böyük işlər görür. Yəni hər universitetdə iki-üç sözün əsl mənasında müəllim olsa, çökməyə qoymaz. Sözüm odur ki, işinə vicdanla yanaşan, gördüyü işdən həzz alan o cür müəllimlər az da olsa, sözsüz ki, var.

Qızım, bir söz də deyim. Səhər xanımım iş otağıma daxil olub dedi ki, “Səni təbrik edirəm”. Sual verdim ki, “Niyə?”. Dedi ki, “Necə yəni niyə? Bu gün 5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür”. Xanımın özü də müəllim olub, professordur. Dedim ki, biz illərdir müəllimlik etmirik, bu təbrik bizə yox, bu gün dərs deyən gənc müəllimlərə düşür...

Sonda bir daha müəllimləri təbrik edir, onlara uğurlar arzulayıram”.

Ukraynadan ağlasığmaz əməliyyat - 2 min rus əsgəri ö*ldürürldü
Son xəbərlərDaha çox