Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-02 09:38:00
Yerli mütəxəssislərin hazırladığı proqram təminatı ilə onlayn sınaq keçirildi

DİM mütəxəssisləri tərəfindən hazırlanan və onlayn imtahanların keçirilməsi üçün nəzərdə tutulan “ProctorDİM" xüsusi proqram təminatı vasitəsilə növbəti ödənişsiz sınaq imtahanı keçirilib.

 

AzEdu.az xəbər verir ki, imtahanlarda iştirak etmək üçün müraciət 25-29 iyun tarixlərində DİM-in saytı vasitəsilə aparılıb 424 nəfər qeydiyyatdan keçib.

 

Lakin imtahanda 120 nəfər iştirak edib. Çox təəssüf ki, əvvəlcədən xəbərdarlıq edilməsinə baxmayaraq bu imtahana təsadüfi yazılan və imtahanda iştirak etməyən şəxslərin sayı daha çox olub: "Bir daha xahiş edirik ki, növbəti imtahanlara qeyd edilən vaxtda imtahanda iştirak etmək imkanı olan, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün Azərbaycan dili (dövlət dili kimi) imtahanını verməli olan şəxslər yazılsın".

 

Xatırladaq ki, istifadəçilər imtahandan öncə kompüterlərində proqramı istifadə edə bilmək üçün lazımi sistem tələbləri ilə diqqətlə tanış olmalıdırlar. Əks halda imtahanı vermək mümkün olmur.

 

İstifadəçilər, həmçinin “ProctorDİM” proqramını yükləyib kompüterlərinə quraşdırmalıdırlar

 

Gələcəkdə keçirilməsi nəzərdə tutulan real imtahanda yalnız sınaq imtahanında iştirak etmiş və onu başa çatdırmış, kompüterində lazımi proqram və sistem tələbləri quraşdırılmış şəxslər iştirak edə biləcəklər.

 

İyunun 30-da keçirilən imtahanda 25 nəfər imtahan iştirakçısına proqramla bağlı nəzarətçilər tərəfindən texniki dəstək göstərilib. Bu imtahanda bəzi istifadəçilər üçün Zoom proqramı ilə nəzarətçilərlə əlaqə saxlamaq imkanı yaradılıb və canlı bağlantı vasitəsilə prosesə nəzarət edilib.

 

İstifadəçilər proqram vasitəsilə tədrisi Azərbaycan dilindən fərqli dildə olan 11-ci sinif şagirdlərinin verdiyi Azərbaycan dili (dövlət dili) imtahanını veriblər.

 

Proqramda bir çox təhlükəsizlik məsələləri nəzərə alınıb. Proqram işə salındığı andan etibarən istifadəçinin ekranı, eləcə də kamera vasitəsilə istifadəçinin özü videonəzarətə götürülür və bütün imtahan prosesi videoya çəkilərək mərkəzə ötürülür.

 

İstifadəçilərin imtahana daxil ola bilmələri üçün üztanıma proqramı vasitəsilə şəxsiyyətləri dəqiqləşdirilir.

 

Bütün imtahan prosesi nəzarətçilər tərəfindən onlayn izlənilir. İmtahan başa çatan kimi istifadəçilər topladıqları bal haqqında məlumat alırlar.