https://www.zirve.edu.az/
01.04.2020 15:40
Avropadakı tələbəmiz: “Burada qalmaq istəmirik, virus çox sürətlə yayılır, ölkə hazır deyil”
Çap et

 

 

“Səfirlik nəinki indi, həmişə bizimlə çox diqqətli davranır. Əməkdaşlar çox mehriban və kömək etməyə hazır insanlardır. Demək olar ki, hər gün səfirliklə əlaqə saxlayırıq. Bizim Macarıstandakı  şanslarımızdan biri məhz səfirliyimizin əməkdaşlarıdır”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Macarıstanın Eötvös Lorand Universitetində doktorantura təhsili alan Nigar Talıbova söyləyib.

 

Onun sözlərinə görə, növbəti çarter uçuşla tezliklə Azərbaycana dönmələri gözlənilir:

 

“Azərbaycana qayıtmağı çox istəyirəm. Birinci çarterlə gedə bilmədim. İndi digər getmək istəyən tələbələrlə siyahı hazırlayırıq, əgər getmək istəyənlərin sayı yetərli olarsa, siyahını səfirliyə təqdim edəcəyik. Düşünürəm ki, yaxın günlərdə ölkəyə dönmək şansımız olacaq. 

 

Burada ona görə qalmaq istəmirik ki, virus çox sürətlə yayılır. Nəinki Macarıstan, dünya buna hazır deyil. Ona görə də düşünürəm ki, belə vəziyyətdə ölkəmdə olmaq daha təhlükəsizdir”.

 

Azərbaycanlı tələbə qeyd edib ki, Macarıstanda hökumət karantin rejimi elan edib və küçəyə çıxmaq məhdudlaşdırılıb:

 

“Macarıstanda da bütün Avropada olduğu kimi vəziyyət gərgindir. İtaliya və İspaniya kimi olmasa da, burada da yoluxanların sayı günbəgün artır.

 

Hökumət martın 28-dən aprelin 11-dək ölkədə komendant rejimi tətbiq edib. Bu o deməkdir ki, əsas ehtiyaclarınız istisna olmaqla yaşayış yerinizi tərk etməməlisiniz. Küçədə toplu halda gəzmək olmaz, mağazalarda insanlar bir-birlərinin arasında 1-1.5 m məsafəni gözləməlidir.

Kafelər günorta 3-ə kimi işləyir. Nəqliyyat vasitələrinin fəaliyyətində heç bir məhdudiyyət yoxdur - tramvay, avtobus, qatar işləyir.

 

Çölə çıxmaq məhdudlaşdırılandan bu yana ilk bir neçə gün bir az həyəcana səbəb oldu, amma indi həyatımız normal şəkildə davam edir”.

 

“Marketlər hələ də eyni rejimlə işlədiyinə görə ərzaq əldə etməkdə heç bir çətinlik çəkmirik. Bir qidanı bu gün tapmasan, sabah tapa bilirsən.  Qeyd etdiyim kimi, diqqət ediləsi gərəkən əsas məsələ məsafədir.

 

Tibbi maska tapmaq isə mümkün deyil, fevraldan axtarıram hələ də tapa bilməmişəm. 

 

Son 2 həftədə cəmi 2 dəfə çölə çıxmışam, daha çox vaxtımı evdə keçirirəm, lazım olanda marketə və aptekə getmək üçün küçəyə çıxıram”, - deyə Nigar Talıbova əlavə edib.

 

Həmyerlimiz bildirib ki, koronavirusla mübarizəyə Macarıstan da yetərincə hazır deyil:

 

“Macarlar da hamımız kimi qorxu içindədirlər, amma bunu göstərməməyə, panika yaratmamağa çalışırlar. Xüsusən də, cavan nəsil vəziyyəti daha yaxşı dərk etdiyinə görə çox narahatdır. Həmçinin, macarlar da bilirlər ki, belə xəstəliyə Macarıstan da tam hazır deyil”.

 

Azərbaycanlı tələbə cansıxıcı karantin günlərini daha səmərəli və maraqlı keçirmək üçün gənclərə öz tövsiyələrini də verib:

 

“Karantin günlərimi daha çox evdə keçirirəm, qaydalara əməl etməyə çalışıram yox, əməl edirəm. Düşünürəm ki, məsuliyyətli davranmaq lazımdır, çünki vecsiz davranaraq tək öz həyatımızı deyil, çox insanın sağlamlığını riskə atmış oluruq. 

 

Əslində, gündəlik həyatda o qədər təlaş içindəyik ki, öz hobbilərimizə vaxt ayıra bilmirik.

 

Karantin başlayandan hər gün müxtəlif cür yəmək bişirirəm. Hətta keçənlərdə Novruz bayramına görə qaralı aş dəmləmişdim.

 

Hərəkətimiz məhdudlaşıb deyə, yaxşı olar gün içində evdə edilə biləcək idmanlarla məşğul olunsun. Keçənlərdə bir video çəkmişdim, macarlar eyvanda idman edirdilər. 

 

Elə bir vəziyyətdir ki, insanlarla görüşmək məhdudlaşıb, amma bacardığımız qədər sosial şəbəkə üzərindən də olsa, dostlarla sıx əlaqədə olmalıyıq. Yaxşı olar bu vəziyyəti ən az zərərlə başa vuraq. 

 

Bu hal nə qədər davam edəcək bilmirəm, artıq darıxdığım çox nüanslar var.  Ən əsası isə özgürlük hissi üçün darıxmışam, insanlarla kontaktda olmağın şübhə oyandırmadığı günlər üçün darıxıram. 

 

Ümid edirəm ki, tezliklə insanlığın da sorğulandığı bu vəziyyət başa çatar və əvvəlki sevincli, təlaşlı günlərimizə qayıdarıq”.

 

Qeyd edək ki, Macarıstanda 525 nəfər koronavirusa yoluxub, 20 nəfər isə dünyasını dəyişib.