https://www.zirve.edu.az/
26.02.2020 18:00
“Xocalı fəryadı, ana harayı!”
Çap et

Bakı Humanitar Kollecində Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar soyqırım qurbanlarının  anım mərasimi keçirilib.

 Tədbir iştirakçıları əvvəlcə kollecin foyesində tələbələrin  Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr etdikləri  rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.

 Sonra tələbələrin iştirak etdiyi, Akif Arifov və Samirə İsmayılovanın ssenarisi əsasında səhnələşdirilən  “Xocalı fəryadı, ana harayı!”  tamaşası göstərilib. Tamaşada Xocalının işğal edilməsi ilə bağlı bəzi tarixi faktlar xatırlanıb. Tələbələr həmin  gecə dinc əhalinin başına gətirilən müsibətləri,  azğınlaşmış erməni quldurlarının Azərbaycan xalqına qarşı törətdikləri vəhşi hərəkətləri canlandırdıqları obrazlarda bir daha yaşadıblar.

 Ədəbi-bədii kompozisiyanın nümayişindən sonra kollecin direktoru Vaqif Əmiraslanov, direktor müavini Afaq Əliyeva, şöbə müdiri Talıb Zülfiyev, Jurnalist Ekspert Mərkəzinin direktoru Ceyhun Musaoğlu və başqaları  o dövrdə hakimiyyətdə olanların xalqımızın başına gətirilən müsibətlərə  laqeyd münasibət  bəslədiyini təəssüf hissi ilə xatırladıblar. Bildirilib ki, ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə ölkəyə rəhbərlik etməyə başladıqdan sonra Xocalı faciəsinə siyasi qiymət verilib.

 Tədbirdə Ermənistanın azərbaycanlılara qarşı qəddarcasına həyata keçirdiyi qətliamların Xocalı soyqırımı ilə məhdudlaşmadığı, XIX-XX əsrlərdə ermənilərin azərbaycanlılara qarşı Naxçıvan, Gəncə, Quba, Bakı, İrəvan xanlığında da mərhələ-mərhələ etnik təmizləmə siyasəti həyata keçirdiyi qeyd olunub. Bildirilib ki,  bütün bu həqiqətlər dünya ictimaiyyətinə olduğu kimi çatdırılmalı, bu cinayətlər beynəlxalq miqyasda öz hüquqi qiymətini almalıdır.

 Tədbirin sonunda Milli Qəhrəman Çingiz Mustafayevin lentə aldığı əsrin faciəsini əks  etdirən  film nümayiş olunub.(Azərbaycan müəllimi)